İnam Kərimov: “FAO ilə birlikdə yeni layihələrin icrasına başlanılması gözlənilir” - YENİLƏNİB

İnam Kərimov: “FAO ilə birlikdə yeni layihələrin icrasına başlanılması gözlənilir” - YENİLƏNİB İlk xəbər saat 11:49-da verilib
ASK
22 Yanvar , 2019 12:52
İnam Kərimov: “FAO ilə birlikdə yeni layihələrin icrasına başlanılması gözlənilir” - YENİLƏNİB
0 : 00
0 : 00

İlk xəbər saat 11:49-da verilib

Bakı. 22 yanvar. REPORT.AZ/ “Azərbaycan ilə BMT-nin Ərzaq və Kənd Təsəsrrüfatı Təşkilatı (FAO) arasında imzalanmış bu Tərəfdaşlıq Proqramı ölkəmizlə beynəlxalq təşkilat arasında əməkdaşlıq əlaqələrinin yeni bir mərhələyə qədəm qoymasına imkan verib. Belə ki, bu proqram çərçivəsində Azərbaycan yalnız benefisiar kimi deyil, eyni zamanda donor ölkə kimi layihələrin maliyyələşdirilməsini həyata keçirən ölkələrdən birinə çevrilib. Hesab edirəm ki, belə əməkdaşlıq modeli FAO-nun digər üzv ölkələri üçün də müsbət bir nümunəyə çevrilə bilər”.

“Report” xəbər verir ki, bunu FAO-Azərbaycan Tərəfdaşlıq Proqramının açılış mərasimində kənd təsərrüfatı naziri İnam Kərimov deyib. Nazir bildirib ki, bu gün aqrar sahə ölkənin qeyri neft sektorunun ən prioritet sahələrindən biri olmaqla yanaşı, dövlət başçısı İlham Əliyevin daim diqqət və qayğısı ilə əhatə olunub: “Məhz bunun nəticəsidir ki, artıq aqrar sektorda yeni iqtisadi münasibətlər formalaşıb. Bu sahənin idarəetmə strukturu müasir dövrün tələblərinə uyğun olaraq qurulub. Dövlət dəstəyi siyasətinin təkmilləşdirilməsi, istehsal edilən məhsulların rəqabətə davamlılığının artırılması ilə bağlı stimullaşdırıcı tədbirlər görülüb. Bütün bunlar aqrar sahənin son dövrlərdə inkişafına təkan verən mühüm amillərdən olub. Məhz bunun nəticəsidir ki, kənd təsərrüfatı məhsulunun ümumi həcmi 2018-ci ildə əvvəlki illə müqayisədə 4,6 faiz artıb, ət və süd məhsulları ilə özünü təminetmə 90 faizə çatıb, bütün növ tərəvəz və meyvə üzrə isə bu göstərici 100 faizdən çox olub.

Ölkəmizdə aqrar siyasətin prioritet istiqamətlərini ərzaq təhlükəsizliyinin təmin edilməsi, ölkə əhalisinin keyfiyyətli və sağlam qida məhsulları ilə təmin edilməsi və kənd yerlərinin inkişaf etdirilməsi təşkil edir. Bu hədəflər həmçinin FAO-nun əsas fəaliyyət istiqamətləri və hədəfləri ilə üst üstə düşür və beləliklə eyni zamanda Birləşmiş Millətlər Təşkilatının Davamlı İnkişaf Məqsədlərinin icrasına da öz töhfəsini verir.

Bu gün dayanıqlı inkişaf məqsədlərindən olan ərzaq təhlükəsizliyinin və dayanıqlı kənd təsərrüfatının inkişafının təmin edilməsi istiqamətində Azərbaycan Respublikası hökuməti beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. BMT-nin Ərzaq və Kənd Təsəsrrüfatı Təşkilatı (FAO) bizim beynəlxalq sahədə əməkdaşlıq etdiyimiz ən mühüm təfərdaşımızdır. 2015-ci ildə FAO-nun Azərbaycanda tərəfdaşlıq ofisinin təsis olunması və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın kənd təsərrüfatı və ekologiya sahəsindəki xidmətlərinə görə FAO-nun xoşməramlı səfiri təyin edilməsi bizim bu əməkdaşlığa nə dərəcə önəm verdiyimizi bir daha sübüt edir”.

İ.Kərimov bildirib ki, 1995-ci ildə Təşkilata üzv olduğu müddətdən FAO ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən proqram və layihələr ölkədə kənd təsərrüfatı sektorunun modernləşdirilməsi və davamlı inkişafında mühüm töhfələr verib. Onun sözlərinə görə, 1995-2018-ci illərdə FAO ilə birlikdə 53-ə yaxın layihə həyata keçirilib, hal-hazırda 6 layihənin icrası davam etdirilir və 4 layihənin isə yaxın müddət ərzində icrasına başlanılması gözlənilir.

“Layihələr əsasən toxumçuluq, heyvandarlıqda məhsuldarlığın artırılması, damazlıq işinin yaxşılaşdırılması, fitosanitar xidmətlərin gücləndirilməsi, ziyanvericilərə qarşı mübarizənin təkmilləşdirilməsi və digər sahələrin inkişaf etdirilməsinə yardım edir.

FAO – Azərbaycan Tərəfdaşlıq Proqramı üzrə isə 5 layihənin icrası həyata keçirilir. Bunlar “Heyvandarlığın davamlı inkişafı və ərzaq məhsullarının istehsalı üzrə dəyər zəncirinin yaradılması və həyata keçirilməsi”, “Azərbaycanda iribuynuzlu damazlıq heyvanların cins tərkibinin yaxşılaşdırılması və səmərəli yemləmə sistemlərinin yaradılması vasitəsilə iribuynuzlu heyvandarlığın inkişaf etdirilməsi”, “AMAL-Aqrar məşğulluğun artırılması” və “Xəstəliklərdən azad milli kartof toxumçuluğu sisteminin yaradılması” layihələridir . Bundan əlavə, gələcəkdə bu Proqram çərçivəsində fındıqçılıq sektorunun inkişafı istiqamətində layihənin icrası nəzərdə tutulur.

Xüsusilə vurğulamaq istərdim ki, layihələrin icrası zamanı biz onun dayanıqlığına, səmərəliyinə və peşəkar mütəxəssis bazasının formalaşmasına çox önəm veririk. Hər bir layihə özünün spesifik məqsədlərinə nail olmaqla yanaşı, aqrar sektorun intensiv inkişafına təkan verməlidir.

Düşünürəm ki, Proqram çərçivəsində həyata keçiriləcək layihələr Azərbaycan Respublikası Hökumətinin prioritet hesab etdiyi kənd təsərrüfatı, kənd yerlərinin inkişafı və ərzaq təhlükəsizliyi sahələrində önəmli töhfələr verəcək”, - deyə İ.Kərimov vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi