Yuxarı

İmişlidə yeni kənd təsərrüfatı texnikası nümayiş olunub

Kənd təsərrüfatı naziri rayonlarda sahibkarlarla görüşü zamanı yeni avadanlıqlarla tanış olub

Bakı. 30 oktyabr. REPORT.AZ/ Kənd təsərrüfatı naziri Heydər Əsədov İmişlidə pambıqçılıqda istifadə olunan texnikaların təqdimatında iştirak edib. H.Əsədov rayon ərazisində müxtəlif əkin sahələrində istifadə edilən müasir çiləmə tipli suvarma sistemi ilə tanış olub. Kənd Təsərrüfatı Nazirliyindən "Report"a daxil olan xəbərə görə, sonra kənd təsərrüfatı naziri İmişli rayon MKT İnnovasiya Mərkəzində “Aqrolizinq” ASC-dən alınan və pambıqçılıqda istifadə olunan müasir kənd təsərrüfatı texnikalarının təqdimatında iştirak edib. Təqdimatda 5,2 mln. manat dəyərində 11 adda 200-ə qədər kənd təsərrüfatı texnikası nümayiş etdirilib. Nazir pambıqçılıq və digər kənd təsərrüfatı sahələrində çalışan fermerlərlə görüşüb, onları maraqlandıran məsələlərə aydınlıq gətirib. 

Bölgələr çərçivəsində daha sonra H.Əsədov Ağdaş rayonunda fəaliyyət göstərən “Türyançay” Fermer Təsərrüfatı MMC-nin müasir tipli heyvandarlıq kompleksi ilə tanış olub. H.Əsədov rayonunun Ərəbocağı kəndində fəaliyyət göstərən yeni heyvandarlıq-südçülük kompleksində heyvanların açıq və qapalı yerlərdə saxlanılması şəraiti, onların bəslənilməsi qaydaları ilə maraqlanıb. Sonra fermadakı sağmal inəklərin və buzovların gündəlik qidalanması üçün nəzərdə tutulan yemlər, südün istehsalı və saxlanılması yerləri, silos quyuları və yem anbarı, işçilər üçün yaradılan şəraitlə tanışlıq olub, kompleksin ofis binasına, yeməkxanasına baxış keçirilib.

Qeyd edək ki, kompleksin inşasında “Türyançay” MMC-nın öz vəsaiti ilə yanaşı, İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditlərindən də istifadə olunub. Kompleks sağmal inəklər üçün fermalar, yem təsərrüfatı, avtopark və digər köməkçi sahələrdən ibarətdir. Müəssisə xarici ölkə şirkətlərinin ferma avadanlığı, avtomatik yönləndirmə və yemləmə, sağım, soyutma sistemləri və digər avadanlıqla təchiz edilib. Hazırda kompleksdə 1 275 baş cins heyvan bəslənilir ki, bunun 681 başı cins südlük inək, qalanı isə buzovdur. Gələcəkdə sağmal inəklərin sayının 2 500 başa çatdırılması nəzərdə tutulur. Ərəbocağı kəndi ərazisindəki əkin sahələri hesabına yem təsərrüfatı da yaradılıb. Bütün aqrotexniki normalara riayət etməklə aparılan növbəli əkin hesabına təsərrüfatda yüksək məhsuldarlığa nail olunur. Sonda heyvandarlıq kompleksinə Avropa ölkələrindən daha 4 min baş cins mal-qaranın alınaraq gətirilməsi üçün “Türyançay” ilə “Aqrolizinq” arasında niyyət protokolu imzalanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi