Yuxarı

İmişli və Beyləqanda yem emalı müəssisəsi inşa edilib

SEDA tərəfindən icra olunan layihə ABŞ və Azərbaycan hökumətləri tərəfindən birgə maliyyələşib

Bakı. 23 fevral. REPORT.AZ/ İmişli və Beyləqan rayonlarının kəndləri mal-qaraya qulluq sahəsində layihələr həyata keçirərək başa çatdırıblar.

ABŞ-ın Azərbaycandakı səfirliyindən "Report"a verilən xəbərə görə, bu layihələr Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) adlı layihə tərəfindən icra olunub, ABŞ və Azərbaycan hökumətləri tərəfindən birgə maliyyələşib.

Beyləqan rayonunun Əhmədli və İmişli rayonunun Çahar icmalarının üzvləri daha çox heyvandarlıq və quşçuluqla məşğul olurlar. Bu ərazilərdə istehsalın genişləndirilməsində əsas manelərdən biri mal-qara üçün münasib və asanlıqla əlçatan yemin əldə olunmasıdır.

Fermerlər becərdikləri məhsulları yem kimi emal olunması üçün uzaq məsafələri qət etməli olurdular ki, bu da həm vaxt, həm pul cəhətdən sərfəli deyildi. Bunun öhdəsindən gəlmək məqsədilə SEDA layihəsi icmalara 1500 kq/s emal gücünə malik yem emalı məntəqəsi inşa etmək üçün layihə həyata keçirməyə kömək edib. Bunun nəticəsində məhsuldarlığın artması ilə yanaşı, xərclərin 50 faizə qədər azalması gözlənilir.

“USAID-in bütün dünyada məqsədi həyat səviyyəsini yaxşılaşdırmaq və öz sosial-iqtisadi ehtiyaclarını ödəməkdə imkan yaratmaq üçün icmalarla sıx işləməkdir. Biz çox şadıq ki, Əhmədli və Çahar kənd sakinlərinə kömək edə və bu prosesə töhfə verə bilmişik", - deyə USAID-in Azərbaycandakı ofisinin Demokratiya və İdarəçilik şöbəsinin direktoru Kristofer Şaffer bildirib. 

O, həmçinin lahiyələri həyata keçirmək üçün öz resurslarını səfərbər etdiklərinə görə hər iki icmanın sakinlərinə öz təşəkkürünü bildirib.

Bugünə kimi, SEDA layihəsi Azərbaycanın 52 icmasında 86 mindən çox insana fayda verərək 59 layihənin maliyyələşdirilməsinə  1 mln. ABŞ dollarından artıq vəsait xərcləyib. SEDA icmalarda sosial-iqtisadi inkişafı artırmaq üçün vətəndaşların, vətəndaş cəmiyyəti təşkilatlarının, habelə yerli və mərkəzi hökumət nümayəndələrinin birgə iştirakını təşviq edir. Bu layihə ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşir və İqtisadiyyat Nazirliyi və Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Şərq-Qərb İdarəetmə İnstitutu (EWMI) tərəfindən həyata keçirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi