Yuxarı

​İlham Əliyev: "Bu il pambıq istehsalı 30 min tondan 100 min tona qaldırılacaq"

Gələn il 250-300 min ton olmalıdır

Bakı. 11 avqust. REPORT.AZ/ "İsmayıllının çox gözəl təbiəti, iqlimi var. Ona görə, kənd təsərrüfatı, bitkiçilik, heyvandarlıq daha da sürətlə inkişaf etməlidir. Bir qarış torpaq boş olmamalıdır. Daxili tələbatı təmin etmək və ixrac potensialını artırmaq üçün məqsədyönlü şəkildə işlər aparılacaq. Bu barədə bütün göstərişlər verildi".

"Report" xəbər verir ki, bu sözləri prezident İlham Əliyev İsmayıllıda velosiped istehsalı zavodunun açılışında rayon ictimaiyyətinin nümayəndələri və müəssisənin kollektivi ilə görüşü zamanı deyib.

"Sosial obyektlərin və yeni müəssisələrin istifadəyə verilməsi, əlbəttə ki, iş yerlərinin yaradılmasına gətirib çıxaracaq. Bu gün quşçuluq fabrikinin, böyük heyvandarlıq kompleksinin, bir neçə otel və istirahət mərkəzinin təqdimatı oldu.

Bu il kənd təsərrüfatı istiqamətində çox önəmli addımlar atılıb. Bizim üçün ənənəvi, ancaq əfsuslar olsun ki, müəyyən dərəcədə tənəzzülə uğramış sahələri bərpa etmişik. İndi mənə deyirlər, bir sıra rayonlarda o cümlədən İsmayıllı rayonunda ailələr var ki, ay yarım ərzində baramaçılıqdan minlərlə manat pul qazanıb", - deyə prezident bildirib.

O, Aran zonasında pambıqçılığın inkişafının geniş vüsət aldığını qeyd edib:

"Biz bu il keçən ilə nisbətən pambığın istehsalını üç dəfə artıracağıq, 30 min tondan 100 min tona qaldırılacaq. Gələn il 250-300 min ton olmalıdır. İndi hər bir region üçün xüsusi inkişaf planı hazırlanır. Əlbəttə, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında əsas istiqamətlər müəyyən edilib və o proqram bizim üçün əsasdır, bir yol xəritəsidir. Ancaq həyat yerində durmur, dəyişikliklər baş verir. Həm bölgədə, həm dünyada yeni situasiya yaranır. İndi bazarlar uğrunda mübarizə gedir. Məhsulu yetişdirmək hələ məsələnin həlli deyil. Onu daxili bazarda və yaxud da xarici bazarda satmaq lazımdır. Ona görə, fermerlərə kömək göstərmək üçün indi yetişdirilən bu məhsulların tədarükü ilə məşğul olan qurum da yaradılır. Kənd təsərrüfatında işləyənlər bilirlər ki, aqrolizinq vasitəsilə texnika verilir, gübrəyə, yanacağa, yetişdirilən məhsula görə nə qədər böyük subsidiyalar verilir. İndi biz ixracı stimullaşdırmaq üçün təşviq mexanizmini işə salırıq. Fermerlər torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azaddırlar. Bu, çox ciddi bir proqramdır. Yenə də deyirəm, hər bir rayon üzrə rayonun potensialı maksimum dərəcədə realizə edilməlidir və ediləcək".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi