Yuxarı

Azərbaycanın kənd təsərrüfatı naziri Macarıstana səfər edib

Naziri səfərdə Azərbaycan biznesmenlərinin nümayəndə heyəti müşaiyət edib

Bakı. 25 may. REPORT.AZ/ Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti Macarıstanın kənd təsərrüfatı və ətraf mühit naziri Şandor Fazekaşın dəvəti ilə bu ölkədə üç günlük səfərdə olub.

Azərbaycanın Macarıstandakı səfirliyindən "Report"a verilən məlumata görə, səfər zamanı iki ölkənin kənd təsərrüfatı nazirləri arasında görüş keçirilib və aqrar sahədə ikitərəfli əməkdaşlığın perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb.

Macarıstanın Kənd Təsərrüfatı və Ətraf Mühit Nazirliyində təşkil olunan biznes-forumda azərbaycanlı və macar iş adamları dənli bitkilər, toxumçuluq, cins maldarlıq, ət və süd istehsalı, emal sənayesi və s. sahələrdə gələcək birgə əməkdaşlıq yollarını müzakirə ediblər. Forumda 60-dan çox macar şirkətinin nümayəndələri iştirak ediblər.

Səfər çərçivəsində H.Əsədov Avropanın ikinci ən böyük quşçuluq kombinatında, qabaqcıl texnologiya əsasında qurulmuş toxumçuluq mərkəzində, cins heyvandarlıq üzrə ixtisaslaşan şirkətdə olub, Azərbaycanla əməkdaşlığa maraq göstərən bu iri istehsalat birliklərinin işi ilə tanış olub, mütəxəssislərlə ətraflı fikir mübadiləsi aparıb.

Səfərdə naziri Azərbaycandan gəlmiş biznesmenlər qrupu müşaiyət edib. Onlar macar həmkarları ilə bir sıra sahələrdə ikitərəfli əməkdaşlıqla bağlı ilkin müzakirələr aparıb, bəzi niyyət protokolları imzalanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi