Hacıqabulda mənşəyi məlum olmayan 350 kq ət aşkar edilib

Hacıqabulda mənşəyi məlum olmayan 350 kq ət aşkar edilib Üfunət iyi verən heyvan cəmdəkləri Bakıya satmaq üçün gətirilirmiş
ASK
20 Sentyabr , 2016 17:20
Hacıqabulda mənşəyi məlum olmayan 350 kq ət aşkar edilib

Bakı. 20 sentyabr. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) Hacıqabul rayon Baytarlıq İdarəsinin mütəxəssisləri Daxili İşlər Nazirliyinin Hacıqabul rayon Polis Şöbəsinin əməkdaşlarından aldıqları məlumat əsasında birgə reyd keçirib.

Bu barədə "Report"a DBNX-dən bildirilib. 

Məlumata görə, ötən gecə, saat 00:03 radələrində baş tutmuş reyd zamanı Hacıqabul rayonunun Navahı kəndi ərazisində yerləşən 720 saylı stasionar “Yol Polisi Postu”nda Göyçay şəhər sakini Nəsimi küçəsi, dalan 2, ev 14-də yaşayan 1958-ci il təvəllüdlü Sadıqov Nazim Ağamirzə oğlunun idarə etdiyi “Opel-Astra” markalı 99-EE 367 dövlət nömrə nişanlı minik avtomobili saxlanılıb. Avtomobilə baxış keçirilən zaman onun arxa oturacağında və yük yerində Göyçay rayonu Müskürlü kənd sakini Elşən Aslan oğlu Fərzəliyevə məxsus çəkisi 350 kq olan, 8 hissəyə bölünmüş, üst-üstə tökülmüş, antisanitar vəziyyətdə daşınan, üfunət iyi verən heyvan cəmdəkləri aşkar edilib.

Araşdırma zamanı ətin mənşəyinə və sağlamlığına dair müşayiətedici sənədləri olmadığı, baytarlıq-sanitariya ekspertizasından keçmədiyi müəyyən edilib. Göyçay rayonunun Müskürlü kənd sakini Elşən Aslan oğlu Fərzəliyev heyvan cəmdəklərinin ona məxsus olduğunu və satmaq üçün Bakı şəhərinə aparmaq istədiyini bildirib.

Mənşəyinə və sağlamlığına dair müşayiətedici sənədləri, orqanoleptik göstəriciləri standarta uyğun olmayan, pis qoxulu, insan qidası üçün yararlığı şübhə doğuran heyvan cəmdəklərindən baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına göndərilib. Qalan ət cəmdəkləri Hacıqabul Rayon Baytarlıq İdarəsində soyuducu kameraya yerləşdirilib.

Respublika Baytarlıq Laboratoriyasında aparılan müayinələrin nəticəsindən asılı olaraq qanunvericiliyə uyğun müvafiq qərar qəbul ediləcək və tədbirlər görüləcək.

DBNX bildirir ki, insan sağlamlığı və qida təhlükəsizliyi ilə əlaqədar müvafiq tədbirlər davam etdiriləcək, qanuna zidd fəaliyyətlə məşğul olan, baytarlıq-sanitariya qaydalarına riayət etməyən fiziki və hüquqi şəxslər barəsində ciddi inzibati tədbirlər görüləcək. 

Son xəbərlər

Orphus sistemi