Tbilisi. 11 noyabr. REPORT.AZ/ Son günlər Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları bölgələrdə iribuynuzlu mal-qara arasında yoluxucu xəstəliklər aşkarlanıb. Həmin heyvanlar mümkün vasitələrlə müalicə olunur, qalanları isə məhv edilir. Ancaq bu zaman insanlara kompensasiya ödənilmir. Bu da müəyyən narazılıqlara səbəb olur.
Bolnisi rayonunun Kəpənəkçi kəndinin sakini Hacımurad Talıbov bildirib ki, xəstəlik aşkarlanmış heyvanlar baytar həkiminin tələbi ilə xüsusi yerlərdə kəsilir: "Mal əti bazarda 9-10 GEL (lari) olduğu halda, bizə 4,5 laridən ödənilir. Bu da bizi qane etmir. Hökumət bunun üçün kompensasiya ödəməlidir".
Rayon sakini Püzzə Budaqova isə deyir ki, 2000 GEL-ə aldığı iki baş iribuynuzlu heyvanda da brüsselyoz xəstəliyi aşkarlansa da, kəsilən malların ətinə görə ona 900 lari ödənilib.
Onlara bildirilib ki, heyvanlarında bu kimi xəstəliklər aşkarlanmış fərdi təsərrüfat sahibləri və fermerlər həmin heyvanları baytar həkimlərin nəzarəti altında kəsə bilərlər.
Gürcüstanın kənd təsərrüfatı nazirinin müavini Qoça Çopuraşvili “Report”a açıqlamasında insanlara belə hallarda kompensasiyaların verilməsinin qanun və digər normativ aktlarda nəzərdə tutulmadığını söyləyib: "Gürcüstan ərzaq təhlükəsizliyinə xüsusi diqqət yetirir. Avropa İttifaqı ilə imzalanmış müqaviləyə əsasən, bitki və heyvandarlıq məhsullarının təmizliyi, ərzaq təhlükəsizliyi daim diqqət mərkəzində saxlanılır. Bununla əlaqədar 2016-2018 və 2016-2020-ci illəri əhatə edən dövlət proqramları hazırlanıb. Hökumət 2018-ci ilə qədər ölkə ərazisində sağlam mühitin yaradılmasına və ərzaq təhlükəsizliyinə nail olmaq niyyətindədir. Bu, həm də bizim Avropa İttifaqı qarşısında götürdüyümüz öhdəlikdir".
Onun sözlərinə görə, mütəmadi olaraq ölkə ərazisindəki bütün heyvanlardan qan analizləri götürülür, laboratoriyalarda müayinələr aparılır: "Xəstə heyvanlar xüsusi təyinatı üzrə müalicə olunur və ya məhv edilir. Bütün bunlar dövlət vəsaiti hesabına həyata keçirilir. Ölkənin bütün regionlarında olduğu kimi, azərbaycanlıların yığcam yaşadıqları Marneuli, Qardabani, Dmanisi, Bolnisi və digər rayonlarda da bəzi iribuynuzlu heyvanlar arasında brüsselyoz xəstəliyi aşkar olunub. Həmin heyvanlar aidiyyəti üzrə müəyyən yerlərə aparılır və lazımi tədbirlər görülür”.
Q.Çopuraşvili qeyd edib ki, əhaliyə buna görə kompensasiyaların verilməməsi müəyyən narazılıqlar yarada bilər: "Bizdə kompensasiyaların verilməsi nəzərdə tutulmayıb. Bütün vətəndaşlar, eləcə də azərbaycanlılar öz heyvanlarını sığorta etdirməlidirlər. 2014-cü ildən başlayaraq heyvanların, fərdi təsərrüfatların, əkin sahələrinin sığortalanması ilə bağlı xüsusi təbliğat aparılır, maarifləndirmə işləri görülür. Amma təəssüf ki, əhalinin yarıdan çoxu hələ də əmlaklarını, təsərrüfat sahələrini, heyvanlarını sığortalamağa tələsmirlər. Sığorta şirkətləri taxıl sahələrinin sığortası üçün məhsula çəkilən xərcin 90 faizini ödəyirlər. Digər sahələrdə isə bu rəqəm 70 faiz təşkil edir. Əgər insanlar heyvanlarını da sığorta etsələr, malın dəyərinin 70 faizini ala bilərlər”.