​GMO bitkilərdən istifadəni qadağan edən normativ sənədlərin icrasına nəzarət gücləndirilib

​GMO bitkilərdən istifadəni qadağan edən normativ sənədlərin icrasına nəzarət gücləndirilib GMO məhsullarının qanunsuz dövriyyəsinin qarşısının alınması ilə bağlı zəruri tədbirlər görüləcək
ASK
30 İyun , 2015 16:14
​GMO bitkilərdən istifadəni qadağan edən normativ sənədlərin icrasına nəzarət gücləndirilib

Bakı. 30 iyun. REPORT.AZ/ Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əmri ilə qanunvericiliyin tələbinə əsasən genetik modifikasiya olunmuş (GMO) bitkilərin, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının və ya genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunan yeyinti məhsullarının qanunsuz dövriyyəsinin qarşısının alınması və istehlakçıların hüquqlarının qorunması məqsədilə bir sıra zəruri tədbirlərin görülməsi qərara alınıb.

“Report” Komitəyə istinadən bildirir ki, yeni hazırlanan standartlaşdırma üzrə normativ sənədlərdə yeyinti məhsullarının istehsalında GMO bitkilərin genetik materiallarından istifadəsinin qadağan edilməsi ilə bağlı tələblər əks olunacaq. Hazırda yeyinti məhsullarının istehsalı zamanı genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə olunmamasını göstərən qablaşdırma və nişanlama üzrə tələbləri müəyyən edən standartlar hazırlanır və mövcüd sənədlərə dəyişikliklər edilir.

Əmrə əsasən, Komitə yanında Dövlət Akkreditasiya Xidməti akkreditasiya olunmuş sertifikatlaşdırma qurumları və sınaq laboratoriyaları üzərində nəzarət tədbirlərini gücləndirib. Belə ki, bundan sonra yeyinti məhsullarını sertifikatlaşdıran orqanlar məhsulların tərkibində genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarının olmadığını sübut edən sınaq nəticələri əsasında sertifikatlaşdırma işlərini apara bilər. Əks təqdirdə qanunvericiliyin tələblərini pozmaqla uyğunluq sertifikatı verən qurumların akkreditasiya attestatı ləğv ediləcək və qanunvericiliklə nəzərdə tutulmuş digər tədbirlər görüləcək.

Məlumat üçün bildirək ki, “Yeyinti məhsulları haqqında” qanunun 9-cu maddəsi ilə yeyinti məhsullarının istehsalında genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarının istifadəsi qadağan olunub.

Son xəbərlər

Orphus sistemi