Yuxarı

Gələn ay Azərbaycanda kənd təsərrüfatı siyahıyaalması keçiriləcək

Siyahıyaalınmanın keçirilməsinə 1 209 nəfər təlimatçı-nəzarətçi, 11 751 nəfər sayıcı cəlb edilib

Bakı. 29 may. REPORT.AZ/ Azərbaycan Nazirlər Kabinetinin müvafiq qərarı ilə iyun ayının 1-30-da kənd təsərrüfatının siyahıyaalmasının keçirilməsi nəzərdə tutulub. Bu proses ölkəboyu 1,3 mln.-dan çox müxtəlif təşkilati-hüquqi formalı təsərrüfatı əhatə edəcək. "Report"un məlumatına görə, kənd təsərrüfatı siyahıyaalınmasına hazırlıq işlərinin aparılması, onun keçirilməsi, materialların işlənib yekunlaşdırılması və nəticələrinin nəşri Dövlət Statistika Komitəsinə və yerli statistika orqanlarına həvalə edilib.

Məlumata görə, siyahıyaalmanın həm müəssisə, həm də əhali kateqoriyası üçün nəzərdə tutulmuş 1 və 2 nömrəli sorğu vərəqələri əsasında aparılması nəzərdə tutulur.

Komitədən bildirilib ki, sorğu vərəqələri hazırlanarkən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və MDB Statistika Komitəsinin tövsiyələri, bir sıra ölkələrin bu sahədəki əməli təcrübəsi və yerli xüsusiyyətlər nəzərə alınıb. Bu zaman təsərrüfatların mənsubiyyəti, torpaq mülkiyyəti, icarə münasibətləri, torpaqdan və gübrələrdən istifadə, gəlir mənbəyi, kənd təsərrüfatı bitkilərinin əkin sahələri, çoxillik əkmələrin növləri üzrə ağac və kolların sayı, tətbiq edilən suvarma üsulları, mal-qara və quşların cins və yaş tərkibinə görə mövcudluğu, göl və nohur balıqçılığı, bina və tikililərin, kənd təsərrüfatı texnikası və avadanlıqların mövcudluğu, kənd təsərrüfatında işçi qüvvəsi və s. barədə geniş məlumatlar toplanılacağı açıqlanıb. Hər bir təsərrüfat üzrə fərdi məlumatlar məxfi saxlanmaqla yalnız toplu, ümumiləşdirilmiş statistik məqsədlər üçün istifadə olunacaq.

Ölkə üzrə kənd təsərrüfatının siyahıyaalınmasının keçirilməsinə 1 209 nəfər təlimatçı-nəzarətçi, 11751 nəfər sayıcı olmaqla cəmi 12960 nəfər müvəqqəti işçi cəlb edilib. Yerli statistika orqanlarında siyahıyaalma materiallarının işlənməsinə 389 nəfər operatorun cəlb edilməsi nəzərdə tutulub.

Komitə xəbərdarlıq edir ki, siyahıyaalmada əldə olunacaq nəticələrin aqrar sahədəki proseslərə uyğunluğunun təmin edilməsində istər müəssisə, istərsə də təsərrüfat rəhbərləri və ya nümayəndələri də məsuliyyət daşıyır. Belə ki, alınacaq nəticələr birbaşa onların cavabları ilə əlaqədar olduğundan onlar cavablarında səmimi olmalı, hər hansı faktı gizlətməkdən və ya şişirtməkdən çəkinməlidirlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi