Gədəbəydə Kolorado kartof böcəyinə qarşı mübarizə başlayıb

Gədəbəydə Kolorado kartof böcəyinə qarşı mübarizə başlayıb Bakı. 11 iyul. REPORT.AZ/ Gədəbəy rayonunda mövcud olan 11820 hektar kartof əkini sahəsi mütamadi olaraq Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin yerli mütəxəssisləri tərəfindən ciddi nəzarətdə saxlanılır.
ASK
11 İyul , 2018 13:14
Gədəbəydə Kolorado kartof böcəyinə qarşı mübarizə başlayıb

Bakı. 11 iyul. REPORT.AZ/ Gədəbəy rayonunda mövcud olan 11820 hektar kartof əkini sahəsi mütamadi olaraq Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin yerli mütəxəssisləri tərəfindən ciddi nəzarətdə saxlanılır.

Xidmətdən "Report"a verilən məlumata görə, əkin sahələrində kartof zərərvercilərinə qarşı davamlı müşahidə və mübarizə tədbirləri aparılır, təsərrüfat sahibləri və fermerlərlə mütamadi görüşlər keçirilir və sahələri nəzarətdə saxlamaq üçün müvafiq tövsiyələr verilir.

Gədəbəy rayon Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən 8300 hektar sahədə zərərvericlərə qarşı fitosanitar monitorinqlər aparılıb və 4100 hektar sahənin karantin zərərvericisi olan Kolorado kartof böcəyi ilə, 4200 hektar sahənin isə fitaftora xəstəliyi ilə sirayətləndiyi müəyyən edilib.

Mütəxəssislər tərəfindən verilən tövsiyələr əsasında təsərrüfat sahibləri və fermerlər tərəfindən əkin sahələrində Kolorado kartof böcəyinə qarşı Kurzat və Asetisuper, fitoftora xəstəliyinə qarşı isə Tikotan, Rebus və Ridomil preparatlarından istifadə olunmaqla kimyəvi mübarizə tədbirləri həyata keçirilib. Hazırda mübarizə tədbirləri davam etdirilir.

Kolorado kartof böcəyi Tovuz, Şəmkir və Gədəbəy rayonlarında geniş yayılıb. Gədəbəydə hava nisbətən sərin keçdiyi üçün ildə 2 nəsil, Gəncə-Qazax bölgəsində isə ildə 3-4 nəsil verir. Karantin zərərvericisi sayılan Kolorado kartof böcəyi kartof, badımcan, pomidor, bibər, kələm və digər birkilərə böyük ziyan vurur.

Bu böcək yayda və payızın isti vaxtlarında havaya qalxaraq 30 km məsafəyə qədər yayıla bilir. Güclü külək onların da daha uzaq məsafələrə yayılmasına şərait yaradır. Düzənlik və çöllərdə daha sürətlə yayılır. Zərərvericilərin daha geniş yayılmasının qarşısını almaq üçün hörümçək kimi bir sıra faydalı həşəratlardan, eyni zamanda gözəlbədən, qırmızıyanaq, qızılnöqtəli və s. kimi yırtıcı kabarid böcəklərindən istifadə etmək olar. Bu böcəklər zərərvericinin sürfə, pub və yeni əmələ gəlmiş böcəkləri ilə qidalanırlar.

Zərərvericinin daha geniş ərazilərə yayılmasının qarşısını almaq üçün mübarizə tədbirlərinə dərhal başlamaq lazımdır. Aşkar olunmuş böcəklər, yumurtalar və sürfələr bir vedrəyə yığılmalı və üzərinə neft tökərək yandırılmalıdır. Vegetasiya dövründə kartofu regent preparatı ilə işləyirlər. Ziyanvericinin təkrar görünməsi zamanı preparatı dəyişmək lazımdır. Kimyəvi mübarizədə istifadə olunan preparatların əksəriyyəti günün isti vaxtlarında yaxşı nəticə verir. Çünki zərərvericinin həm süfrələri, həm də yetkin fərdləri bitkilərin orta və yuxarı yaruslarına toplaşır və intensiv qidalanır.

Bu xəstəlik kartof becərilən bütün zonalarda yayılıb. Lakin xəstəliyin zərəri meteoroloji torpaq amilləri nəzərə alınmaqla müx­təlifdir. Kartofçuluqla məşğul olan Gədəbəy, Daşkəsən, Tovuz, Cəlilabad və s. rayonlarında fitoftoroz mün­təzəm olaraq əmələ gəlir və məhsuldarlığa ağır zərbə vurur.

Son xəbərlər

Orphus sistemi