Yuxarı

​Fransa şirkəti Azərbaycana nüvə reaktoru ilə bağlı təkliflər verib

Əli Abbasov Areva-nın ekspertlərindən ibarət nümayəndə heyəti ilə görüşüb

Bakı. 3 sentyabr. REPORT.AZ / Rabitə və Yüksək Texnologiyalar Naziri (RYTN) Əli Abbasov Fransanın atom energetikası sahəsi üçün avadanlıqlar istehsal edən dünyanın tanınmış şirkəti "Areva"-nın ekspertlərindən ibarət nümayəndə heyəti ilə görüşüb.

Nazirlikdən "Report" a verilən məlumata görə, Fransa prezidenti Fransua Ollandın Azərbaycana səfərini xatırladan nazir Ə.Abbasov bu gəlişin ölkələrimiz arasında münasibətlərin genişləndirilməsinə xidmət etdiyini, eyni zamanda Bakıda Heydər Əliyev Mərkəzində keçirilən Azərbaycan-Fransa biznes forumunda çıxışı zamanı fransalı prezident nüvə enerjisi və bərpa olunan enerji sahəsində qarşılıqlı əməkdaşlıq imkanlarına toxunduğunu bir daha diqqətə çatdırıb.

Azərbaycanda nüvə texnologiyalarının inkişaf etdirilməsi, nüvə energetikası üzrə tədqiqatların aparılması planlarından söz açan nazir RYTN tabeliyində yaradılan "Milli Nüvə Tədqiqatları Mərkəzi" Qapalı Səhmdar Cəmiyyətinin gələcək fəaliyyətində nüvə enerjisinin sülh və dinc məqsədlərlə istifadə ediləcəyini, artıq bu sahədə BMT-nin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (MAQATE), Avropa Nüvə Tədqiqatları Mərkəzi (CERN) ilə əməkdaşlığa başlandığını nəzərə çatdırıb.

Nazir ölkəmizdə qurulması planlaşdırılan Tədqiqat nüvə reaktorunun, həmçinin regiondakı ölkələrin alimləri tərəfindən də istifadə edilə biləcəyini və buranı regional mərkəzə çevirmək arzularında olduğunu vurğulayıb.

"Areva"-nın Mərkəzi Asiya və Türkiyə nümayəndiliyinin sədri Abbas Cəlali Cəfəri "Milli Nüvə Tədqiqatları Mərkəzi"-nin əməkdaşları üçün müxtəlif istiqamətlər üzrə təlimlərin təşkili, tənzimlənmənin qurulması və s. kimi işlərə başlamanın vacibliyini vurğulayıb.

Qeyd edək ki, görüşdə Azərbaycanda tədqiqat nüvə reaktorunun qurulması ilə bağlı "Areva" şirkətinin təklifləri müzakirə olunub.

Görüşdə maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, əməkdaşlıq çərçivəsində həyata keçiriləcək işlərin sürətləndirilməsi və fəallığın daha da artırılması qərara alınıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi