Yuxarı

​Fiziki şəxslərin qeyri-kommersiya mallarının gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydalarına dəyişikliklər edib

Dəyişikliklər Gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamın icrası ilə əlaqədardır

Bakı. 12 iyul. REPORT.AZ/ Nazirlər Kabineti 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli qərarla təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydaları”nda dəyişikliklər edib.

"Report" xəbər verir ki, dəyişikliklərdə deyilir: "Gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Prezidentinin 2016-cı il 4 mart tarixli 1853 nömrəli Sərəncamının 3-cü hissəsinin icrası məqsədilə Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. aşağıdakı məzmunda 1.7-ci bənd əlavə edilsin: “1.7. Fiziki şəxslər tərəfindən təyinatı istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan hesab edilmiş və güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük ərazisinə gətirilən bu qaydaların 2.1-ci bəndində qeyd olunan malların elektron sistem vasitəsilə uçotu Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən müəyyən edilmiş qaydalara uyğun aparılır.”;

1.2. 2.1.2-ci yarımbəndə “(bundan sonra - gömrük ərazisi)” sözlərindən sonra “hər təqvim ayı ərzində bir dəfə” sözləri əlavə edilsin;

1.3. 2.1.3-cü yarımbəndə “gömrük ərazisindən” sözlərindən əvvəl “bu qaydaların 2.1.12-ci yarımbəndində göstərilən məhdudiyyət nəzərə alınmaqla,” sözləri əlavə edilsin;

1.4. 2.1.5-ci yarımbəndə “beynəlxalq poçt göndərişləri” sözlərindən əvvəl “bu qaydaların 2.1.12-ci yarımbəndində göstərilən məhdudiyyət nəzərə alınmaqla,” sözləri əlavə edilsin;

1.5. 2.1.10-cu yarımbəndə “18 yaşına çatmış” sözlərindən əvvəl “Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 188.1.1-ci maddəsi ilə müəyyən olunmuş aksiz vergisindən azadolmalar nəzərə alınmaqla, hər təqvim ayı ərzində bir dəfə” sözləri əlavə edilsin və həmin yarımbənddə “keçirilən” sözü “gömrük ərazisinə gətirilən” sözləri ilə əvəz edilsin;

1.6. 2.1.11-ci və 2.1.12-ci yarımbəndlər aşağıdakı redaksiyada verilsin:

“2.1.11. hər təqvim ayı ərzində bir dəfə gömrük ərazisinə gətirilən 30 kiloqrama qədər müxtəlif növ ərzaq məhsulları;

2.1.12. hər təqvim ayı ərzində bir dəfə gömrük ərazisindən aparılan 5 kiloqrama qədər nərə cinsli balıq və 125 qrama qədər nərə cinsli balıq kürüsü;”;

1.7. aşağıdakı məzmunda 2.1-1-ci və 2.1-2-ci bəndlər əlavə edilsin:

“2.1-1. Bu qaydaların 2.1.2-ci və 2.1.10 - 2.1.12-ci yarımbəndlərində nəzərdə tutulan müddətlə bağlı məhdudiyyətlər hava nəqliyyatı vasitəsilə gömrük sərhədindən keçirilən müşayiət olunan baqaja şamil edilmir.

2.1-2. Bu qaydaların 2.1.2-ci, 2.1.10-cu və 2.1.11-ci yarımbəndlərində nəzərdə tutulan malların güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük ərazisinə gətirilməsi üçün həmin malların ümumi gömrük dəyəri bu qaydaların 2.1.2-ci yarımbəndi ilə müəyyən edilmiş hədlərdən artıq olmamalıdır. Əks halda, bu qaydaların 2.2-ci bəndi tətbiq edilir.”;

1.8. 4.6-cı bənd aşağıdakı redaksiyada verilsin:

“4.6. Avtonəqliyyat vasitəsinin müvəqqəti gətirilmə müddəti bitənədək, avtonəqliyyat vasitəsi tranzit qaydada keçərkən isə 72 saat ərzində aşağıdakı şərtlərdən birinə əməl edilməlidir:

4.6.1. avtonəqliyyat vasitəsi gömrük ərazisindən geri aparılır;

4.6.2. Gömrük Məcəlləsinin 258-ci maddəsi ilə müəyyən edilmiş gömrük borcunun ödənilməsinin təmin edilməsi üçün təminat üsulları tətbiq olunur;

4.6.3. avtonəqliyyat vasitəsi gömrük orqanının müəyyən etdiyi yerlərdə gömrük nəzarəti altında saxlanılır;

4.6.4. avtonəqliyyat vasitəsinin qəza nəticəsində sıradan çıxması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən, avtonəqliyyat vasitəsi üzərinə həbs qoyulduqda isə bu barədə qərar qəbul etmiş dövlət orqanı tərəfindən verilən təsdiqedici sənəd təqdim edilir;

4.6.5. xarici-iqtisadi fəaliyyətin tarif və qeyri-tarif tənzimlənməsinə uyğun gömrük ödənişləri alınmaqla, sadələşdirilmiş qaydada gömrük rəsmiləşdirilməsi aparılır.”;

1.9. aşağıdakı məzmunda 4.6-1 - 4.6-3-cü bəndlər əlavə edilsin:

“4.6-1. Bu qaydaların 4.6.3-cü yarımbəndində nəzərdə tutulmuş hallarda avtonəqliyyat vasitəsinin gömrük orqanı tərəfindən müəyyən edilmiş yerlərə gətirilməsi və ya daşınması, habelə saxlanması ilə əlaqədar əməliyyatlar gömrük orqanlarının əlavə xərclərinə səbəb olmamalıdır.

4.6-2. Bu qaydaların 4.6-cı bəndində göstərilən müddətlər bitənədək, avtonəqliyyat vasitəsini müvəqqəti gətirən və ya tranzit qaydada keçirən qeyri-rezident ölkə ərazisini tərk etdikdə də həmin bənddə nəzərdə tutulan şərtlərdən birinə əməl etməlidir.

4.6-3. Müvəqqəti gətirilmiş avtonəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla gömrük ərazisindən kənara aparılmasına və ya bu qaydaların tələbləri pozulmaqla gömrük ərazisindən kənara aparılmamasına görə qeyri-rezidentlər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar.”;

1.10. Qaydalara 1 nömrəli əlavənin 5-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

“5. Bu qaydaların 2.1.10-cu yarımbəndində nəzərdə tutulmuş hədlərdən artıq qiymətli metallar və qiymətli daşlar.”.

2.Bu qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi