Fitosanitar Xidməti iki rayonda bioloji mübarizə tədbirlərinin ikinci mərhələsinə başlayıb

Fitosanitar Xidməti iki rayonda bioloji mübarizə tədbirlərinin ikinci mərhələsinə başlayıb Bakı. 24 iyul. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin Abşeron Rayonlararası Bioloji Laboratoriyasının təşkilatçılığı ilə Kürdəmir və Ağdam rayonlarında pambıq sovkasının ikinci nəslinə qarşı bioloji mübarizə tədbirlərinin ikinci mərhələsi başlayıb.
ASK
24 İyul , 2018 11:24
Fitosanitar Xidməti iki rayonda bioloji mübarizə tədbirlərinin ikinci mərhələsinə başlayıb
agro.gov.az
0 : 00
0 : 00

Bakı. 24 iyul. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin Abşeron Rayonlararası Bioloji Laboratoriyasının təşkilatçılığı ilə Kürdəmir və Ağdam rayonlarında pambıq sovkasının ikinci nəslinə qarşı bioloji mübarizə tədbirlərinin ikinci mərhələsi başlayıb.

Qurumdan “Report”a verilən məlumata görə, Dövlət Xidmətinin Kürdəmir Rayon Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən “Kürdəmir pambıq” ASC-yə məxsus 150 hektar pambıq sahəsində, “Kürdəmir Pambıq Aqro” MMC-yə məxsus 300 hektar sahədə və “Kürdəmir MTK”-yə məxsus 100 hektar pambıq sahəsində həyata keçirilən bioloji mübarizə zamanı pambıq sovkasının tüfeylisi (paraziti) sayılan habrobrakon minicisindən istifadə olunub.

Kürdəmir rayonunda Ağaisə Kərimova məxsus 90 hektar, Murad İsmayılova məxsus 15 hektar, Etibar Vəlicanova məxsus 10 hektar, Mübariz Hacıyevə məxsus 30 hektar, Kürdəmir MTK-ya məxsus 220 hektar, Arzu Yəhyayeva məxsus 30 hektar, Mahir Qəribova məxsus 237 hektar, Təran Kərimova məxsus 65 hektar, Cahan Zülfiqarova məxsus 30 hektar, Allahyar Lətiyarova məxsus 10 hektar, Seymur Hacıyevə məxsus 20 hektar, Vəkil Məmmədova məxsus 30 hektar, Namiq Hacıyevə məxsus 8 hektar, Ariz İsmayılova məxsus 5 hektar (ümumilikdə 800 hektar) pambıq sahəsinə pambıq sovkasına qarşı bioloji mübarizə tədbirlərinin həyata keçirilməsi məqsədi ilə habrobrakon və trixoqramma həşəratları paylanılıb.

Qeyd edək ki, bioloji mübarizə tədbirləri təkrar həyata keçirilir.

İyulun 19-da Ağdam rayonu Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri 500 hektarda pambıq sahəsində pambıq sovkasının tırtıllarına qarşı habrobrokan minicisi ilə, 200 hektarda isə pambıq sovkasının yumurtalarına qarşı yumurtayeyən trixoqramma tüfeylisi ilə bioloji mübarizə tədbirləri həyata keçiriblər.

Hazırda hər iki rayonda bioloji mübarizə tədbirləri davam etdirilir.

Məlumat üçün bildirək ki, trixoqramma olduqca kiçik, pərdəqanadlı həşərat olub, 0,5-0,8 mm uzunluğundadır. Bu həşərat pambıq sovkasının yumurtasına öz yumurtasını qoyur və yumurtadan pambıq sovkası deyil, trixoqramma çıxır. Tüfeylinin hər bir dişi fərdi 40-a qədər yumurta qoyur və yumurtadan çıxan sürfə zərərvericinin yumurtasının daxilini yeyərək məhv edir. Həşərat öz yumurtasını müxtəlif kəpənəklərin (pambıq sovkası, kələm kəpənəyi, payızlıq əkin sovkası, gövdə kəpənəyi) yumurtasının daxilinə qoyur. Yumurta içərisində trixoqrammanın inkişafı 8-11 gün ərazində başa çatır.

Trixoqrammalar laboratoriya şəraitində çoxaldılaraq tarlalara buraxılır. Buna görə də çoxaldığı laboratoriyanın temperatur və rütubət şəraitinin təbiətdəkinə yaxın olması vacibdir. Tarla birkilərində və bağlarda trixoqramma ya yetkin dövründə səhər tezdən, ya da sahibin yumurtasından çıxmağa bir-iki gün qalmış buraxılmalıdır.

Azərbaycanda pambıq sahəsində pambıq sovkasının tırtılları habrobrakon tərəfindən 42-50% məhv edilir. Həşərat əvvəlcə tırtılı, yumurta qoyanı ilə sancaraq iflic edir, sonra yumurtasını onun üzərinə qoyur, yumurtadan çıxan sürfə tırtılın daxilinə keçir və onun daxili orqanları ilə qidalanaraq onu məhv edir. Hər bir dişi fərd ömrü boyu 350-ə qədər yumurta qoyur və bu dövrdə 240-a qədər tırtılı iflic edir. Yoluxmuş tırtıllar 10-12 gün yaşayıb məhv olur.

Laboratoriya şəraitində çoxaldılmış habrobrakon tarlalara pambıq sovkasının tırtılları görünməyə başlayan zaman və hər hektara sayı 2000 ədəd olmaqla buraxılmalıdır.

Trixoqramma və habrobrakon minicisi pambıq sovkasının, payızlıq sovkanın və çəmənlik kəpənəyinin tırtıllarının 30-50% azalmasına səbəb olur. Bu həşəratlar həmin zərərvericilərin populyasiya sıxlığını İqtisadi Ziyanvurma Həddindən (İZH) ((pambıq sovkası – 1 tırtıl/ m2, payızlıq sovka 2-5 tırtıl/m2, çəmənlik kəpənəyi – 10 tırtıl/m2, kələm sovkası – 1-2 tırtıl/m2) xeyli aşağıda saxlamaqla, yüksək bioloji səmərəlilik göstərirlər.

Son xəbərlər

Orphus sistemi