Ermənistan İqtisadiyyat Nazirliyinin proqnozuna əsasən 2030-cu ilə kimi ölkədəki otlaqların sahəsi 22 %-ə kimi, məhsuldarlıq isə 10 %-ə kimi azalacaq. Bunun nəticəsində yem istehsalı əhəmiyyətli dərəcədə aşağı düşəcək. Bu isə öz növbəsində təkcə heyvanlarlıq sektoruna deyil, bütövlükdə ölkənin ərzaq təhlükəsizliyinə mənfi təsir edəcək.
Bu proqnoz əslində Ermənistanın kənd təsərrüfatı sektorundakı ümumi vəziyyəti xarakterizə edir. Rusiya-Ukrayna müharibəsinin Ermənistan iqtisadiyyatı üçün katalizator rolu oynaması nəticəsində əldə olunan pozitiv iqtisadi göstəricilərə baxmayaraq kənd təsərrüfatı məhsullarının istehsalı ötən ilin ilk 11 ayı ərzində cəmi 0,5 % artıb. Bu, Avrasiya İqtisadi Birliyi ölkələri arasında ən aşağı göstərici olub. Hesabat dövründə mal-qara və quş istehsalı 5,1 %, süd istehsalı 7,1 % azalıb.
Sümürgənlik və işğalçılıq siyasətinin bədəli ağır oldu
Ermənistan bu gün faktiki olaraq uzun illər ərzində Azərbaycanın işğal altında olan torpaqlarında həyata keçirdiyi sümürgənlik siyasətinin bəhrəsini görür. Belə ki, 2020-ci ilin payızına qədər Azərbaycanın işğal altında olan əraziləri Ermənistanı 100 min ton buğda ilə təmin edirdi, bu da Ermənistanın tələbatının 25-30 %-ini təşkil edirdi. Ölkənin buğdaya olan tələbatının 26 %-nin daxili mənbələr hesabına ödənildiyini nəzərə alsaq həmin buğdanın haradan gəldiyi bəlli olur. İşğal altında olan torpaqlarımız həm də otlaq kimi istifadə olunurdu. Həmin sahələrin əldən çıxması yem çatışmazlığına gətirib çıxarıb. Bu da öz növbəsində Ermənistandan iribuynuzlu mal qaranın azalması ilə nəticələnib. İşğaldan azad olunan ərazilərdə tərəvəz və meyvələrdən, o cümlədən subtropik bitkilərdən böyük məhsul alınırdı və hətta ixrac olunurdu. 2019-cu ilə olan məlumata görə, ermənilər Azərbaycanın işğal etdiyi torpaqlarında 11 min tona qədər üzüm yetişdiriblər.
Ərzaq təhlükəsizliyi üçün təhdidlər artacaq
Ermənistan faktiki olaraq öz torpaqlarından istifadə etmədən, işğal altındakı Azərbaycan torpaqlarından erməni əhalisini dolandırmaq üçün aktiv şəkildə istismar edib. Görünür status-kvonun əbədi davam edəcəyinə inamdan dolayı bədnam qonşumuz öz torpaq resurslarından səmərəli istifadə istiqamətində heçnə etməyib. Bu gün ölkənin kənd təsərrüfatı yönlü torpaqların yalnız 25 %-i istifadə olunur. Torpaq resurslarından istifadənin effektivliyi üzrə isə Ermənistan keçid iqtisadiyyatlı ölkələr arasında ən axırıncı yerlərdən birinə sahibdir. Bütün bunlar yaxın gələcəkdə kənd təsərrüfatı sektorunda ciddi inkişaf meylərinin olacağını istisna edir. Bu isə Ermənistanın ərzaq təhlükəsizliyi üçün təhdidlərin artacağı anlamına gəlir.