Deputat: "Azərbaycan kənd təsərrüfatı məhsullarının emalı sahəsini inkişaf etdirməlidir"

Deputat: "Azərbaycan kənd təsərrüfatı məhsullarının emalı sahəsini inkişaf etdirməlidir" Eldar Quliyev hesab edir ki, istehsal olunan məhsulun maya dəyəri aşağı salınmalı, toxumçuluq və maldarlıq inkişaf etdirilməlidir
ASK
16 Yanvar , 2015 17:33
Deputat: Azərbaycan kənd təsərrüfatı məhsullarının emalı sahəsini inkişaf etdirməlidir

Bakı. 16 yanvar. REPORT.AZ/ Azərbaycanda kənd təsərrüfatı məhsullarına olan tələbatın ödənilməsi üçün emal sənayesinin inkişaf etdirilməsi tələb olunur. Bunu "Report"a açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü, millət vəkili Eldar Quliyev 2015-ci ilin Azərbaycanda "Kənd təsərrüfatı ili" elan edilməsi və bu müddət ərzində görüləcək işlərdən danışarkən deyib.

Onun sözlərinə görə, Kənd Təsərrüfatı Nazirliyi bu sahənin inkişafı üçün böyük işlər görür: "Bu il isə məsuliyyət daha da artmalı, eləcə də proqramlara uyğun olaraq məhsulların çox olmasına diqqət yetirilməlidir. İlk olaraq məhsulun maya dəyəri aşağı salınmalı, digər tərəfdən isə toxumçuluq və maldarlıq inkişaf etdirilməlidir. Eyni zamanda, geni dəyişmiş məhsulların (GMO) idxalının qarşısı alınmalıdır. Hətta bununla bağlı qanun layihəsi də qəbul edilib. Məsələ ilə həm baytarlıq, həm də fitosanitariya qurumları məşğul olmalıdır. Onlar mütləq şəkildə həm ölkə daxilində, həm də xaricdən gətirilən məhsullara ciddi nəzarət etməlidir".

Ölkədəki əkinə yararlı torpaq sahələrinin bir hissəsinin şoranlaşdığını deyən komitə üzvünün sözlərinə görə, davamlı şəkildə həmin torpaqlarda meliorasiya işləri aparılmalıdır: "Hər il bu iş üçün dövlət büdcəsindən müəyyən vəsait ayrılır. Bundan başqa, sahibkarlığa yenə də əlavə dəstək vermək lazımdır ki, onlar bu işə maraq göstərsinlər. Bəzən deyirik ki, bazarımız yoxdur və məhsullarımızı sata bilmirik. Lakin göründüyü kimi, Rusiya hazırda Azərbaycandan məhsul almağa məcburdur. Çünki Avropa bazarları onlara məhsul satmır. Yeganə qorxumuz rublun gündən-günə ucuzlaşmasıdır. Ona görə də onlara məhsul satanda çalışmalıyıq ki, ya qabaqcadan məhsulun pulunu alaq, ya da məhsulu onlarla nəyinsə müqabilində dəyişək".

Deputatın fikrincə, dünya təcrübəsinə əsasən, hər bir dövlətin bütün məhsullar üzrə 2-3 aylıq ehtiyatı olmalıdır: "Azərbaycanın da ərzaq ehtiyatı var. İnanıram ki, cari ildə kənd təsərrüfatının inkişafı üçün bir çox müsbət işlər görüləcək. Bu il həm də aqrar sahədə inkişaf gözlənilir. Həmçinin bu qərar əhalinin ərzaq təminatında böyük rol oynayacaq". 

Qeyd edək ki, dövlət başçısının 2015-ci ilin ölkədə "Kənd təsərrüfatı ili" elan edilməsi haqqında imzaladığı sərəncama əsasən, kənd təsərrüfatının inkişafına yeni təkan veriləcək və onun modernləşdirilməsi sürətləndiriləcək, aqrar sektorda mövcud problemlərin həllinə sistemli və kompleks yanaşma təmin ediləcək, eləcə də bu sahəyə dövlətin inzibati və maliyyə resursları səmərəli şəkildə cəlb ediləcək, ölkənin aqrar potensialı geniş təbliğ olunacaq.

Son xəbərlər

Orphus sistemi