Əhməd Əhmədzadə: "Bu il 65 min hektara yaxın əkin sahəsinin su təminatı yaxşılaşdırılacaq"

Əhməd Əhmədzadə: "Bu il 65 min hektara yaxın əkin sahəsinin su təminatı yaxşılaşdırılacaq" 16 min hektar yeni suvarılacaq torpaqlar əkin dövriyyəsinə daxil ediləcək
ASK
12 İyul , 2016 02:37
Əhməd Əhmədzadə: Bu il 65 min hektara yaxın əkin sahəsinin su təminatı yaxşılaşdırılacaq

Bakı. 12 iyul. REPORT.AZ/ "Taxtakörpü və Şəmkirçay su anbarlarının istismara verilməsi ilə 200 min hektardan artıq əkin sahələrinin su təminatının yaxşılaşdırılmasına və 47 min hektar yeni suvarılan torpaqların istifadəyə verilməsinə, əhalinin içməli su ilə təmin edilməsinə və əlavə elektrik enerjisinin alınmasına imkan yaranıb".

"Report" xəbər verir ki, bunu “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Əhməd Əhmədzadə Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Əhməd Əhmədzadə bildirib ki, ilkin mərhələdə Taxtakörpü su anbarı zonasında Xızı və Siyəzən rayonlarında 10 min hektar əkin sahəsi suvarma suyu ilə təmin edilib ki, onun 8 min hektarı yeni suvarılan torpaqlardır. Şabran rayonunda isə 14 min hektara yaxın yeni suvarılacaq torpaqlarda meliorativ tədbirlərin layihə sənədlərinin hazırlanması başa çatdırılıb: "Cari ildə Xızı, Siyəzən və Şabran rayonlarında meliorativ tədbirlər davam etdirilməklə 6200 hektar, o cümlədən 4500 hektar yeni suvarılan torpaqların istifadəyə verilməsi və 1700 hektar sahənin su təminatının yaxşılaşdırılması təmin ediləcək. İki ildə ölkənin şimal zonasında 12 min hektardan çox yeni suvarılan torpaqların istifadəyə verilməsi iri kənd təsərrüfatı müəssisələrinin yaradılmasına geniş imkanlar açır. Eyni zamanda, şimal zonasının 6 çayından Samur-Abşeron kanalına əlavə su verilməsi üçün Caqacuqçay və Qudyalçay çaylarında sugötürücü qurğuların və nəqledici kanalların tikintisi tamamlanmış, Qusarçay çayında isə bu işlər cari ildə başa çatdırılacaq.

Son illərdə yay mövsümündə Samur sərhəd çayında su ehtiyatlarının kəskin azalmasına baxmayaraq, ölkəmizin su təhlükəsizliyi sahəsində strateji əhəmiyyətə malik olan Taxtakörpü su anbarında toplanan su hesabına Bakı, Sumqayıt şəhərlərinin və Abşeron yarımadasının əhalisinin, sənayesinin və kənd təsərrüfatının su təminatında yarana biləcək çətinliklərin qarşısının alınması mümkün olub.

Şəmkirçay su anbarı zonasında əkin sahələrini suvarma suyu ilə təmin edəcək 60,5 kilometr uzunluğunda magistral kanalların tikinti işləri başa çatdırılaraq Şəmkir və Göygöl rayonlarının əkin sahələrinə suvarma suyunun verilməsi üçün müasir paylayıcı kanalların və suvarma şəbəkəsinin, eləcə də Goranboy rayonunun 26 min hektara yaxın (ondan 8 min hektardan çoxu yeni suvarılan torpaqlardır) torpaq sahələrini suvarma suyu ilə təmin edəcək Şəmkir maşın kanalının ikinci növbəsinin tikintisi işlərinə başlanılıb. Bu işləri cari ildə davam etdirməklə Goranboy rayonunda 8 min hektar sahəyə, - onun 980 hektarı yeni suvarılan torpaqlardır, - suvarma suyunun çatdırılması, Göygöl rayonunda isə müasir qapalı suvarma şəbəkəsinin tikintisi aparılmaqla 3 min hektar sahə, - ondan 1200 hektara yaxını yeni suvarılan torpaqlardır, - suvarma suyu ilə təmin ediləcək. Eyni zamanda, cari ildə Şəmkirçay su anbarında yığılan su hesabına Şəmkir və Göygöl rayonlarının 16 min hektar əkin sahələrinin su təminatı yaxşılaşdırılıb".

Əhməd Əhmədzadə qeyd edib ki, Tovuzçay su anbarına yığılan su hesabına Tovuz və Şəmkir rayonlarının 20 min hektara yaxın əkin sahələrinin su təminatı yaxşılaşdırılıb, 300 hektar yeni suvarılacaq torpaqlar isə bu il istifadəyə veriləcək. 

2016-cı ildə aparılacaq tədbirlər hesabına 65 min hektara yaxın əkin sahələrinin su təminatının yaxşılaşdırılması təmin ediləcək, 16 min hektar yeni suvarılacaq torpaqlar əkin dövriyyəsinə daxil ediləcək.

Son xəbərlər

Orphus sistemi