Azərbaycan ​Dövlət Taxıl Fondu buğdanı 250 manata alacaq

Azərbaycan ​Dövlət Taxıl Fondu buğdanı 250 manata alacaq Bununla bağlı Dövlət Material Ehtiyatları Agentliyi tədarük elanı verib
ASK
30 İyun , 2015 15:34
Azərbaycan ​Dövlət Taxıl Fondu buğdanı 250 manata alacaq

Bakı. 30 iyun. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu (DTF) üçün 2015-ci ildə ölkədə istehsal olunmuş yüksək keyfiyyətli buğdanın tədarükünü elan edib. 

"Report"un Nazirliyin rəsmi səhifəsinə istinadən verdiyi məlumata görə, Dövlət Material Ehtiyatları Agentliyi DTF üçün iyulun 1-dən sentyabrın 1-dək “Səngəçal Taxıl Elevatoru”, “Gəncə Taxıl Elevatoru”, “Abşeron Taxıl” MMC, “Dəvəçi-Dəyirman" MMC, “Karat-Holdinq”, “Karmen" MMC, “Gəncə-Dəyirman” MMC, “N.Quliyev adına Bakı-Taxıl” ASC, “Aveta” MMC, “Neon” firması və “EL” KM müəssisələri vasitəsilə yerli buğda istehsalçılarından qiyməti 250 manat/ton olmaqla aşağıdakı keyfiyyət göstəricilərinə cavab verən buğda qəbul edəcək:

I. Dənin naturası (bir litrlik purkalarda qramla): buğda üçün - 750 q/l-dən az olmamaqla;

II. Alaq otları (zibil) qarışığı (faizlə) buğda üçün - 2%-dən çox olmamaqla;

III. Dən qarışığı (faizlə): buğda üçün - 5%-dən çox olmamaqla

IV. Nəmlik (faizlə): bütün bitkilər üçün - 13,0%-dən çox olmamaqla;

V. Yapışqanlıq: 3-cü sinif - 23% az olmamaqla;

buğda üçün - 2-ci qrupdan aşağı olmamaqla;

yapışqanlığın keyfiyyəti (göstərici: 65-85);

VI. Şüşəvarilik: 3-cü sinif buğda üçün 40-45% hüdudlarında;

VII. İy və dad - bütün bitkilər üfunət, səməni, acıyovşan və ya dənli bitkilərə xas olmayan və onların emalı məhsullarına keçən (kerosin, benzin, sarımsaq və buna oxşar maddələr) digər iy və dad-yol verilmir;

VIII. Sürmə ilə sirayətlənmiş dənlər - yol verilmir;

IX. Anbar ziyanvericiləri ilə sirayətlənmə bütün bitkilər üçün-yol verilmir;

X. Digər əlamətlər – bütün bitkilər üçün karantin və iqtisadi cəhətdən təhlükəli xəstəlik, zərərverici və alaq otlarının toxumları olan dən (heyvanların yoluxucu və ya tarlada qışlayan xəstəliklərlə sirayətlənmiş, tərkibi toksiki elementlər, radionukleidlər, pestisidlərlə çirklənmiş dənlər, həmçinin, ekoloji baxımdan əlverişsiz təsərrüfatlarda becərilmiş məhsul) - yol verilmir;

Məlumata görə, bu keyfiyyət göstəricilərinin tələblərinə cavab verməyən və məhsulun keyfiyyət göstəriciləri barədə akkreditə olunmuş laboratoriyadan sertifikatı olmayan buğda məhsulu qəbul edilməyəcək. Taxılın özüboşaldan yük maşınları ilə gətirilməsi tövsiyə edilir.

Xatırladaq ki, taxıl qəbul edən məntəqələr hər gün saat 09:00-dan 18:00-a kimi işləyəcək.

Son xəbərlər

Orphus sistemi