Yuxarı

Dövlət Fitosanitar Nəzarəti Xidməti Rusiya KİV-də yayılan məlumatları təkzib edib

Camal Quliyev: Rusiyalı həmkarlarımız Azərbaycana gəlmək istəsələr, onlara əlverişli şərait yaradılacaq

Bakı. 18 fevral. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti Rüsiya kütləvi informasiya vasitələrində bu ilin yanvar ayında Azərbaycandan Rusiyaya ixrac edilən pomidorun həcminin 5 qat artdığı barədə yayılan məlumatlara münasibət bildirib. 

Qeyd edək ki, Rusiya tərəfi bu məhsulların əksər hissəsinin Türkiyədən Azərbaycan gətirildiyini və azərbaycanlı həmkarları tərəfindən sertifikat verildiyini ehtimal edir. Belə ki, Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinin ("Rosselxoznadzor") rəhbəri Sergey Dankvert artıq Rusiya tərəfinin narahatlığı ilə bağlı Azərbaycanın müvafiq qurumlarına məktub göndərildiyini deyib. O bu məsələnin daha dəqiq araşdırılması üçün rus müfəttişlərinin pomidorların istehsal olunduğu istixanaların yoxlanılması üçün Azərbaycana ezam edilməsini istisna etməyib.

Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev "Report"un sorğusuna cavabında Rusiya mətbuatının yaydığı bu məlumatın reallığı əks etdirmədiyini bildirib:

"2016-cı ilin yanvar ayında Azərbaycandan Rusiyaya pomidor ixracı keçən ilin yanvar ayına nisbətən 4,7 dəfə artaraq 2,6 min ton olub. Bəzi mətbuat orqanlarında bunun Türkiyə istehsalı olan pomidor olması barədə həqiqətə uyğun olmayan məlumatlar gedir. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarət Xidməti bu məlumatın qeyri-dəqiq olduğunu bəyan etməklə yanaşı, aşağıdakıları bildirir.

Birincisi, Rusiyanın Türkiyədən bir sıra ərzaq və kənd təsərrüfatı məhsullarının idxalını qadağan etməsindən sonrakı dövr ərzində Azərbaycana pomidor idxalının həcmi əvvəlki kimi cüzi səviyyədə olub - 2015-ci ilin dekabr ayında 23,6 ton, 2016-cı ilin yanvar ayında isə cəmi 127,9 ton (yeri gəlmişkən, bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 25% azdır). Yəni sonradan Rusiyaya məhsul ixrac etmək üçün Azərbaycana pomidor idxalında heç bir artım olmayıb.

İkincisi, Rusiyanın bir sıra ölkələrdən kənd təsərrüfatı və ərzaq məhsulları idxalını qadağan etməsindən sonra yaranan yeni bazar imkanlarını, təbii olaraq, uzun illər ərzində ənənəvi Rusiya bazarına məhsul ixrac edən Azərbaycanlı sahibkarlar da dəyərləndirdilər. Xüsusilə, respublika prezidenti cənab İlham Əliyevin qeyri-neft məhsullarının ixracının stimullaşdırılması tədbirləri kənd təsərrüfatı məhsullarının ixrac potensialının artırılmasında ciddi dönüş yaratmışdır. Eyni zamanda, manatın devolvasiyası siyasəti Azərbaycanın kənd təsərrüfatı məhsulları üzrə istehsalın və ixracın həcminin artırılmasında önəmli rol oynayır. Məsələn, cari ilin yanvar ayında ölkədə tərəvəz istehsalı ötən ilin müvafiq dövrünə nəzərən 6,7 faiz çoxalıb (natural ifadədə).

Üçüncüsü, Azərbaycandan ixrac olunan bütün bitkiçilik məhsulları, o cümlədən də pomidor üzrə fitosanitar sertifikatlaşdırmanı həyata keçirən qurum olaraq Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarət Xidməti birmənalı olaraq bəyan edir ki, Rusiyaya ixrac olunan məhsulların hamısı Azərbaycan mənşəlidir.

Sonda bir daha vurğulamaq istəyirik ki, ənənəvi Rusiya bazarında yaranmış əlverişli imkanlardan bəhrələnmək üçün Azərbaycan dövləti bu ölkəyə bütün kənd təsərrüfatı məhsulları üzrə ixracın həcminin ciddi şəkildə artırılması üçün məqsədyönlü tədbirlər həyata keçirir. Hələ 2015-ci ilin avqust ayından etibarən iki ölkə arasında bu istiqamətdə əldə edilmiş razılaşma da elə məhz bu məqsədə xidmət edir.

Bildiririk ki, rusiyalı həmkarlarımız ölkəmizdə pomidor istehsalının mövcud vəziyyəti ilə tanış olmaq üçün Azərbaycana gəlmək istəsələr, onlara əlverişli şərait yaradılacaq".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi