Dövlət Xidməti: ​Ölkədə epizootik vəziyyət sabitdir

Dövlət Xidməti: ​Ölkədə epizootik vəziyyət sabitdir Heyvanlar arasında xəstəlik yayılmayıb
ASK
23 İyul , 2016 16:06
Dövlət Xidməti: ​Ölkədə epizootik vəziyyət sabitdir

Bakı. 23 iyul. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) bəzi kütləvi informasiya vasitələrində Aran rayonlarında mal-qara arasında dabaq xəstəliyinin yayılması, heyvanların xəstəlikdən tələf olması, ölmüş heyvanların toplanaraq kolbasa sexlərinə verilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Qurumdan "Report"a verilən məlumata görə, cari ildə respublikada heyvanlar arasında dabaq və digər xüsusi təhlükəli yoluxucu xəstəliklərə qarşı peyvəndləmə tədbirləri aparılıb və hazırda epizootik vəziyyət sabitdir.

Rayonlardan mütəmadi olaraq toplanan məlumatlara və aparılan araşdırmalara əsasən, ölkədə heyvanlar arasında dabaq və eləcə də xüsusi təhlükəli xəstəliklərin yayılması müşahidə edilməyib. Həmçinin, araşdırmalar zamanı heyvanlar arasında dabaq və digər xüsusi təhlükəli yoluxucu xəstəliklərindən ölüm halının olmadığı müəyyən edilməyib.

Respublikanın bütün bölgələrində olduğu kimi, Bərdə və Goranboy rayonlarında da heyvanlar arasında dabaq və digər xüsusi təhlükəli yoluxucu xəstəliklərə qarşı peyvəndləmə tədbirləri aparılıb.

Araşdırma zamanı hələlik ölmüş heyvanların toplanaraq kolbasa sexlərinə verilməsi barədə DBNX-yə heç bir məlumat daxil olmayıb. Əhalidən hər hansı bir xəstəlikdən ölmüş heyvanların toplanması və ya tədarükü barədə faktla rastlaşarlarsa, bu barədə Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (tel: 012-562-76-13) “qaynar xətt”inə məlumat vermələri xahiş olunur.

Xatırladaq ki, Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən insan sağlamlığı və qida təhlükəsizliyi ilə əlaqədar ciddi tədbirlər həyata keçirilir.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bir daha bildirir ki, respublikada heyvanlar arasında dabaq xəstəliyinə və digər iti yoluxucu xəstəliklərə görə epizootik vəziyyət sabitdir və vəziyyətə nəzarət olunur.

Son xəbərlər

Orphus sistemi