Aqrar Sığorta Fondu əməkdaşları Cəlilabad rayonunda subasmaya məruz qalaraq məhv olan təsərrüfatlara baxış keçiriblər.
"Report"un Muğan bürosunun məlumatına görə, fondun əməkdaşları sel-subasmadan təsərrüfatlarını sığorta etdirmiş fermerlərlə görüşüblər.
Həmçinin fondun əməkdaşları və ekspertləri həmin təsərrüfatlara dəyən ziyanla yerində tanış olublar və qiymətləndirmə işləri aparılıb. Növbəti mərhələdə isə dəymiş ziyan üzrə fermerlərə ödənişlər olunacaq.
Qeyd edək ki, Cəlilabad rayonunda bir neçə gün davam edən intensiv yağışlar nəticəsində onlarla istixanaya ziyan dəyib.
Belə ki, rayon ərazisindən keçən Mişarçayın daşması nəticəsində Göytəpə şəhərində, Maşlıq və Muğan kəndlərində onlarla hektar kartof, çiyələk sahələri, istixanalar su altında qalıb. Əkinlər məhv olub.


