Bakı. 10 iyul. REPORT.AZ/ Kənd təsərrüfatı məhsulları istehsalçıları tərəfindən “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın müddəalarına uyğun olaraq 2015-ci ilin məhsulunu itkisiz tədarük etmək üçün mühüm tədbirlər həyata keçirilir.
"Report"
Taxılın məhsuldarlığını və keyfiyyətini yüksəltmək məqsədi ilə mineral gübrələrdən istifadə edilməsinə diqqət artıb. “Aqrolizinq” ASC və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsulları istehsalçılarına mineral gübrələrin güzəştlə satılması qaydaları”na əsasən satıcı təşkilatlar tərəfindən 2015-ci ilin məhsulu üçün payızlıq şum altına və səpinlə birlikdə verilməsi üçün 14066 nəfər istehsalçıya 120325 hektara görə güzəştlə 18081,9 ton mineral gübrələr satılıb. Bu da dən üçün payızlıq taxıl əkininin 13,7 %-ni təşkil edib.
2015-ci ilin məhsulu üçün toxumçuluq subyektləri tərəfindən əkilmiş 56,5 min ha toxumluq taxıl sahəsində aprobasiya aparılıb və dövlət standartlarının tələblərinə cavab verməyən 15,4 min ha sahə toxum dövriyyədən çıxarılıb. Qalan 41,1 min ha sahədə təmizləmə və biçin işləri aparılır. “Kənd təsərrüfatı bitkiləri toxumçuluğu ilə məşğul olan hüquqi və fiziki şəxslərin attestasiyadan keçirilməsi və toxum istehsalçılarının reyestrinə daxil edilməsi barədə” əsasnamənin tələblərinə uyğun olaraq bu ilin 6 ayı ərzində 30 hüquqi və fiziki şəxs toxum istehsalçılarının reyestrinə daxil edilib və onlara müvafiq şəhadətnamə verilib.