Ekspert: "​Bu il Azərbaycanda meyvə-tərəvəz bol olacaq"

Ekspert: "​Bu il Azərbaycanda meyvə-tərəvəz bol olacaq" Hava şəraiti torpaqda xeyli rütubət yaradıb
ASK
9 Aprel , 2015 17:59
Ekspert: ​Bu il Azərbaycanda meyvə-tərəvəz bol olacaq

Bakı. 9 aprel. REPORT.AZ/ Bu il Azərbaycanda keçən mülayim soyuq və bol miqdarda yağıntılı hava şəraiti kənd təsərrüfatı məshullarının məhsuldarlığına yaxşı təsir göstərib. Bu, özünü xüsusilə dəmyə taxılçılıq zonalarında göstərib. Məsələn, Şəkidə, Şamaxı kimi rayonlarda kifayət qədər bol yağıntı müşahidə edilib və torpaqda bol rütubət yaranıb. Bu barədə "Report"a Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Nəbatat Bağının baş aqronomu Asif Mehrəliyev məlumat verib.

Onun sözlərinə görə, bu cür hava şəraiti ancaq meyvəçilik zonalarında bir qədər çatışmazlıqlara səbəb ola bilər: "Təxminən 10 gün əvvəl soyuqlar düşdü, hətta qar yağdı. Belə hava şəraiti meyvə ağaclarına bir qədər təsir göstərsə də, onun fəsadı şaxta kimi olmur. Bu günə qədər isə hələlik meyvə ağaclarının çiçəkləri də, dənli taxıl bitkilərinin də məhsulu normaldır. Bu gündən sonra isə nə olacağı hələlik məlum deyil".

Baş aqranom bu vaxtdan sonra quraqlığın olacağını gözləmir. A.Mehrəliyev bildirib ki, hazırda Şamaxı, İsmayıllı, Xızı rayonlarında taxıl bitkiləri kifayət qədər kollanma fazalarına çatıb: "Bu gündən sonra havanın necə keçəcəyindən asılı olmayaraq, taxılı biçmək mümkün olacaq".

Qeyd edək ki, ötən il ölkədə hava quraq keçib. Azərbaycanda hökm sürən quraqlıq bəzi meyvə ağaclarının inkişafına və məhsuldarlığına mənfi təsir göstərib.

Son xəbərlər

Orphus sistemi