Bu il Azərbaycanda 10 yerdə toxum satış yarmarkaları təşkil olunacaq

Bu il Azərbaycanda 10 yerdə toxum satış yarmarkaları təşkil olunacaq Kənd Təsərüffatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyində (AXA) “Toxumçuluqda mövcud vəziyyət və qarşıda duran vəzifələr” mövzusunda onlayn görüş keçirilib.
ASK
15 İyul , 2021 12:11
Bu il Azərbaycanda 10 yerdə toxum satış yarmarkaları təşkil olunacaq

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyində (AXA) “Toxumçuluqda mövcud vəziyyət və qarşıda duran vəzifələr” mövzusunda onlayn görüş keçirilib.

“Report” xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Məlumata görə, görüşdə AXA, Azərbaycan Toxumçuluq Assosiasiyası, Dövlət Toxum Fondunun əməkdaşları, toxum idxalçıları və təchizatçıları, iri toxumçuluq şirkətlərinin nümayəndələri və toxumçu fermerlər iştirak edib.

AXA-nın sədri Mirzə Əliyev bildirib ki, kənd təsərrüfatının strateji sahələrindən olan toxumçuluğun inkişaf etdirilməsi, məhsul istehsalçılarının sertifikatlı toxuma olan tələbatının yerli istehsal hesabına təmin olunması prioritet vəzifələrdəndir. Bol və keyfiyyətli məhsul istehsalının əsasının sertifikatlı toxumdan başladığını deyən sədr bu istiqamətdə zəruri tədbirlərin həyata keçirildiyini vurğulayıb.

Daah sonra M.Əliyev “Toxumçuluqda mövcud vəziyyət və qarşıda duran vəzifələr” mövzusunda təqdimatla çıxış edib. O, fermerlərin yerli toxuma olan tələbatının ödənilməsi məqsədilə təbliğat işinin genişləndirilməsinin əhəmiyyətli olduğunu qeyd edib, əlavə edib ki, fermerlərə sertfikatlı toxumların əlçatanlığının təmin edilməsi məqsədilə cari ildə 10 yerdə toxum satış yarmarkalarının təşkili nəzərdə tutulub. Eyni zamanda, AXA sədri fermerlərin sertifikatlı toxumların əhəmiyyəti və üstünlükləri ilə bağlı məlumatlandırılması, xaricdən gətirilən, dövlət reyestrində qeydiyyatı olmayan, keyfiyyətsiz toxumların qarşısının alınmasının vacibliyini vurğulayıb.

Qeyd edilib ki, cari ildə toxumların sertifikatlaşmasında, etiketlənməsində beynəlxalq standartlara uyğun yeni üsullar tətbiq olunacaq. Belə ki, toxumlar təmizlənib, qablaşdırılıb, etiketlənib və partiyalara yığılır. Etiketdə toxum (bitki, sort, reproduksiyası, istehsal ili və.s) və toxum istehsalçısı barədə məlumatlar öz əksini tapır. Daha sonra kisələrdən nümunələr götürülərək analiz olunur. Nəticələr standartların tələblərinə uyğun olduqda toxum partiyaları sertifikatlaşdırılır və sertifikatla bağlı etiket məlumatları sistemdə aktivləşdirilir. Fermerlər etiketdə olan QR və unikal kod vasitəsi ilə sertifikatlaşmanın doğruluğu barədə avtomatik məlumat əldə edə biləcəklər. Bu da öz növbəsində saxta toxumların qarşısını almaqla yerli toxumların bazara çıxış imkanlarının artmasına, həmçinin fermerlərin keyfiyyətli toxumla təminatına və rayonlaşdırılmış sertifikatlı toxumlardan istifadəyə öz tövhəsini verəcək.

Görüşdə toxum istehsalçı və istifadəçilərinin qarşılaşdığı problemlər dinlənilib, bu sahənin inkişafı ilə baglı qarşıda duran vəzifələr və hədəflər müzakirə olunub. Müzakirələrin sonunda bu formada görüşlərin davam etdiriləcəyi bildirilib, qaldırılan məsələlərin operativ həlli üçün tapşırıqlar verilib.

Son xəbərlər

Orphus sistemi