Azərbaycanda iyunun 10-dək kümçülər tərəfindən tədarük məntəqələrinə 157 ton yaş barama təhvil verilib.
Bu barədə "Report"a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.
Ən çox barama tədarükü Zərdab rayonunda aparılıb. Zərdab kümçüləri tədarük məntəqələrinə 48 ton 380 kiloqram yaş barama təhvil veriblər. Məhsul tədarükünə görə, Ağcabədi (16 ton 963 kiloqram), Balakən (14 ton 496 kiloqram), Bərdə (9 ton 743 kiloqram), Füzuli (9 ton 205 kiloqram), Kürdəmir (6 ton 952 kiloqram) rayonları öndə gedir.
Yaş barama istehsalı dövlət tərəfindən subsidiyalaşdırılır. Bu ildən yaş bərama tədarükünə görə dövlət tərəfindən verilən subsidiyanın məbləği və məhsulun alış qiyməti artırılıb. Kümçülər yaş baramanı kiloqramı 5 manatdan “Azərİpək” MMC-yə təhvil verirlər. Dövlət əlavə olaraq hər kiloqram yaş barama istehsalına görə fermerlərə 6 manat subsidiya ödəyir. Ümumilikdə fermer təhvil verdiyi hər kiloqram yaş baramanın əvəzində 11 manat alır.
Bu il dövlət tərəfindən kümçülərə əvəzsiz olaraq 11 130 qutu ipəkqurdu toxumu paylanıb. Cari ildə Azərbaycanın 40 rayonunda yaş barama tədarükü aparılır.