Yuxarı

Camal Quliyev: "Bir çox ölkədən idxalın qarşısı alınacaq" - MÜSAHİBƏ

Dövlət Fitosanitar Nəzarəti Xidməti ölkəni ziyanvericilərdən qorumağı qarşısına məqsəd qoyub

Bakı. 30 yanvar. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev "Report"a müsahibə verib:

- Camal müəllim, hazırda Azərbaycanda fitosanitariya sahəsində vəziyyət necədir?

- Ölkədə fitosanitariya sahəsində vəziyyət sabitdir. İdxal olunan məhsullar üzrə mütəmadi olaraq müvafiq laboratoriyalarda tədqiqatlar, ona uyğun sənədləşmələr aparılır. Eyni zamanda, ölkədə hava nisbətən mülayim keçib. Ona görə də bir çox zərərli orqanizmlər rahatlıqla artıb çoxalır. Xüsusən, taxıl böcəyi və siçanabənzər gəmiricilər fəallaşır. Bölgədə qərargahlar yaradılıb, müəyyən mübarizə tədbirləri görülür. Ümumilıkdə, son illər yeni karantin növünün yayılması aşkar edilməyib. Kiçik ərazilərdə xırda yayılmalar olub, onlar da məhv edilib. Ümumilikdə, bu sahədə vəziyyət sabitdir və onun qorunub saxlanılması üçün bütün zəruri tədbirlər görülür.

- Son zamanlar KİV-də, eləcə də sosial şəbəkələrdə ölkəyə emal məqsədilə idxal olunan texniki və yemlik sort kartofun istehlak bazarına çıxarıldığı və ərzaq kartofu kimi əhaliyə 20 dəfə bahasına satıldığı, eyni zamanda başqa ölkələrdə, əsasən heyvandarlıqda yem kimi istifadə olunan 4-cü və 5-ci sinif buğdanın Azərbaycana ərzaq buğdası kimi idxal edildiyi və çörəkbişirmədə istifadə olunduğuna dair məlumatlar yayılır. Bununla bağlı fikirləriniz maraqlıdır.

- Son zamanlar nədənsə ölkədə dezinformasiyalar artıb. Bunun xarici təsirləri də ola bilər. Müəyyən insanların qızışdırılması mövqeyindən də kimsə çıxış edə bilər. Bir çox hallarda da təəssüf ki, bəzi KİV-də populist fikirlərə daha çox üstünlük verirlər. Hər hansı bir məlumat əldə edilir, dəqiqləşdirilmədən internetdə yayılır. İnsanlar da qeyri-adi xəbərlərə daha çox maraq göstərir. Lakin biz mövqeyimizi bildirdik. Ümumiyyətlə, Azərbaycana hər hansı bu kimi kənd təsərrüfatı məhsulu gətirilməmişdən öncə Dövlət Xidmətinə müraciət olunur, idxal karantin icazəsi alınır. Bunun üçün isə bütün müvafiq sənədlər tələb olunur. Biz artıq o malın istehsal yeri, digər zəruri göstəriciləri barədə kifayət qədər məlumat əldə edirik. Sonradan həmin ölkənin fitosanitar vəziyyəti sabitdirsə, onun idxalına icazə verilir. Məhsul idxal olunandan sonra Dövlət Gömrük Komitəsinə məxsus sərhəd-gömrük məntəqələrində fitosanitar qurumlar tərəfindən ilkin karantin baxışı keçirilir, məhsul respublikaya daxil olandan sonra əməkdaşlarımız yükə baxış keçirirlər. Həmin yükdən normalara, standartlara uyğun şəkildə nümunələr götürülür, onlar xidmətin ekspertiza və toksikologiya mərkəzində analizdən keçirlir. Həm keyfiyyət göstəriciləri, həm də tərkibində ağır metallar, pestisidlərin miqdarı yoxlanılır. Eyni zamanda, karantin nöqteyi nəzərdən yoxlanılır ki, hər hansı bir karantin orqanizm olmasın. Ötən il ərzində də keyfiyyət göstəricilərinə görə ciddi faktlar aşkar olunmayıb, amma karantin orqanizmi, xüsusi təhlükəli orqanizmlər bir çox hallarda aşkar olunub. Bu aşkar olunduqdan sonra da münasib fitosanitar tədbirlər tətbiq olunub. Əgər həmin karantin orqanizmi funqasiya və digər karantin tədbiri nəticəsində tətbiq olunduqda məhv etmək olursa, bu edilir. Bu mümkün olmursa, həmin yük geri qaytarılır və ya məhv edilir.

Buğda məhsuluna gəldikdə, o əsasən Qazaxıstan və Rusiyadan idxal olunur. Təbii ki, bütün iş adamları daha keyfiyyətli mal gətirməkdə maraqlıdırlar. Çünki onlar idxaldan sonra da əsasən özləri un istehsalı ilə məşğul olurlar. Onlar birmənalı şəkildə keyfiyyətli mal gətirmək, bazarda rəqabətə davamlı olmaqda özləri də maraqlıdırlar. Digər tərəfdən, il ərzində hətta 4 və 5-ci sinif buğdaların heyvan yemi kimi gətirilməsinə belə müraciət olunmayıb. Yalnız 1 və 3-cü növ buğdalar gətirilib, həmin buğdalar da yenə də keyfiyyət göstəriciləri, karantin baxımından Xidmətin müvafiq laboratoriyalarında yoxlanılıb, sonra istifadəsinə icazə verilib. 71 halda karantin və xüsusi təhlükəli orqanlar keçən il aşkar olunub. Bu halların hər birində ciddi karantin tədbirlərinə əməl etmək şərtilə zərərsizləşdirmə tədbirləri həyata keçirilib. Ötən il 9 min tona yaxın buğda, 6 min tona yaxın arpa məhsulunda zərərsizləşdirmə tədbiləri keçirilərək, tam stantdartlara uyğunlaşdırdıqdan sonra istifadəsinə icazə verilib.

Bu il də Xidmət tərəfindən idxal olunan kartofun yoxlanılması davam etdirilib. Bu il əvvəlki illərə nisbətən idxala maraq artıb, bu da görünür, iş adamlarına münbit şərait yaradılması ilə bağlıdır. İndi kartofun gətirilməsi ilə bağlı daha çox insan müraciət edir. O da az miqdarda idxal olunur, keyfiyyət göstəriciləri yoxlanılır. Bu il ərzində 7 100 kq-a qədər bitkiçilik məhsulunun kefiyyəti standartlara uyğun olmadığı üçün məhv edilib. 250 ədəd ting üzərində karantin obyekti aşkar olunduğu üçün məhv edilib. Kartofla bağlı 2 522 kq bu il ərzində kefiyyət göstəriciləri standartlara uyğun gəlmədiyi üçün istehlak bazarında aşkar edilib və məhv edilib.

- Azərbaycana idxal edilən kartof məhsullarında nitrat və nitritlərin miqdarında pozuntu hallarına əsasən hansı ölkələrdən rast gəlinir? Həmin tədarükçülərlə bağlı hansı tədbirlər görülür?

- Toxumçuluq məqsədilə kartof əsasən Avropa ölkələrindən, az miqdarda Rysiyadan idxal olunur. Ancaq ərzaq üçün Avropadan da, az miqdarda Türkiyə, əsasən də İran və Rusiyadan daxil olur. Daha çox İran məhsullarında karantin orqanizmlərinin və ya daha çox nitratın miqdarı aşkar edilir. O halda biz dərhal həmin ölkələrin müvafiq qurumları ilə əlaqə saxlayırıq, bilgi veririk, onların ölkəyə gətirilməsinin qarşısı alınır.

- Həmçinin, Xidmətin 4-cü və 5-ci sinif buğdanın Azərbaycana ərzaq buğdası kimi idxal edildiyi və çörəkbişirmədə istifadə olunduğuna dair məlumatlarla bağlı da açıqlamasında bildirilib ki, Azərbaycana son zamanlar ancaq 1-3 siniflərə aid olan yumşaq və bərk buğda gətirilir. Bəs son dövrlərə qədər hansı sinif buğdanın idxalı həyata keçirilirdi?

- Bu vəzifədə 2014-cü ilin avqust ayından çalışıram. Mənim dövrümdə bu buğdaların gətirilməsi ilə bağlı müraciət olunub. Bilirsiz, keçən il kənd təsərrüfatı üçün uğurlu olub, məhsuldarlıqda 6,6% artım olub. Bitkiçilikdə daha yüksək göstərici əldə olunub, buğda istehalında məhsuldarlıq 30 sentnerə çatdırılıb. Bir çox təsərrüfatlarda isə hətta 50 sentnerdən də çox olub. Nəticədə, buğda idxalı 15% azalıb. Bu, yüksək məhsuldarlığın göstəricisidir. İstehsal edilən məhsulun çox hissəsi dəyirmanlara - un istehsalına gedir, qalan hissəsini insanlar toyuq-cücəyə, heyvanlar üçün isə arpadan yem kimi istifadə edirlər. Heyvadarlıq üçün əsas şrot, jmıx kimi məhsulların gətirilməsinə üstünlük verilir. Buğda yem kimi demək olar ki, idxal olunmur.

- Bölgələrdə keçirilən müşavirə zamanı regionlarda mövcud fitosanitar vəziyyəti ətraflı təhlil edərək, aqrobiosenoza pestisid təzyiqinin azaldılması istiqamətində mövcud problemlərin həlli yollarından bəhs etmisiz. Ümumiyyətlə, bu pestisidin bölgələrə təsiri necə olub, onun həlli üçün hansı tədbirlər görülür?

- Pestisidlər zəhərlərdir. Ancaq onsuz da kənd təsərrüfatı mümkün deyil. Ona görə də onlardan düzgün istifadə etmək lazımdır. Ötən əsrin 60-cı illərinin ortalarınadək zərərli orqanizmin olmaması üçün mübarizə aparılırdı. Əvvəlki illərin pestisidləri daha davamlı idilər, gec parçalanırdılar. Sonradan iqtisadi ziyanvermə termini yaranıb. Bu zəzərli orqanizmin elə bir həddidir ki, həmin hektarda o sayda ona qarşı mübarizə aparıldıqda, bizim qoruduğumuz məhsulun qiyməti çəkdiyimiz xərcdən üstün olur. Sonradan bunun iqtisadi əsaslandırılması olmalı idi. Nəzərə alındı ki, bunun ekoloji təsirləri də var. O zaman iqtisadi mənfəətin üzərinə ekoloji mənfəət də gəlib. Bu, sonradan insanlara da, sosial münasibətlərə də təsir edib. Nəticədə qərara alınıb ki, bu, sosial, iqtisadi və ekoloji məsələlərdə özünü doğrultmalıdır. Ona qarşı inteqrir mübarizə tədbirlərinə başlanılıb.

Biz son illərdə dövlət hesabına aparılan bütün bitki-mühafizə tədbirlərində iqtisadi ziyanlı hədd terminindən istifadə edirik. Elə zərərli orqanizmlər var ki, tamamilə seçib ayrırıq. İqtisadi cəhətdən ziyanlı olan yerdə mübarizə aparırıq. Bir tərəfdən dövlət vəsaitinə qənaət etmiş oluruq, digər tərəfdən pestisidlərə tab gətirmək məsələsi də var. Onunla bağlı mübarizə üsulları işlənib hazırlanır. Fermerlər arasında ciddi tədbirlər aparılır ki, onlar həm laboratoriyadan istifadə edərək düzgün diaqnostika apara bilsinlər, həm də pestisidlərdən düzgün istifadə etsinlər. Qidalarımızda, suda, ətraf mühitdə onların qalıqları normadan az olsun.

- Ölkə ərazisində yovşanyarpaqlı ambroziyanın (Ambrosia artemisiifolia L.) və quşüzümünün yayılmasının qarşısının alınması və yayılma mənbələrinin məhv edilməsi üzrə nə kimi tədbirlər reallaşdırılır?

- İki ildir beynəlxalq 9 nömrəli standartın tələblərinə uyğun olaraq tələf və məhvedici tədbirlər görülməsinə başlamışıq. Məqsəd Azərbaycanı A2 siyahısında, yəni respublikada mövcud olan karantin növlərinin yayılma arealının azaldılması və bəzi rayonlarda isə kökünün kəsilməsindən ibarətdir. Bu zərərvericilər Şəki-Zaqatala bölgəsində yayılıb, Balakən və Zaqatalada məqsədimiz onların yayılma arealını minimuma endirməkdir. Çünki bu zərərvericilər 1962-ci ildən keçib. Uzun müddət yayılıb, ciddi itkilər verib. Təəssüf ki, ona qarşı lazımi diqqət göstərilməyib. O da artaraq, respublikanın digər ərazilərinə keçib. 2013-cü ildə müəyyən etdik ki, ölkənin bir neçə rayonunda lokal olaraq yayılıb. Həmin ərazilərdə tamamailə məhv etdik, sonra plan işlənilib. Məqsədimiz Balakən və Zaqatalada onun yayılma arealını minimuma endirməkdir, tam məhv etmək mümkün deyil. Çünki onların böyük toxumvermə potensialı var. Uzun müddət torpaqda həyat qabiliyyətini saxlaya bilir. Lakin Şəki-Zaqatalada onun kökünün kəsilməsi qarşıya məqsəd qoyulub.

Quşüzümünün də kökünün kəsilməsini qarşımıza məqsəd qoymuşuq. Məsələn, kartof əsas Tovuz və Cəlilabadda əkilir. Bizim hesablamalarımza görə, hər il kartof güvəsi respublikada 8 mln. itki verir. Bunun da əsas payı iki regiona düşürdü. Ona qarşı da iki tədbir həyata keçirdik. Özümüz də inanmırdıq, amma onun həcmini 90% azalda bildik.

- Ölkənin bir neçə bölgəsində, xüsusən Şəki-Zaqatalada siçanabənzər gəmiricilərə və taxıl böcəyinə qarşı mübarizə tədbirlərinin nəticəsi öz bəhrəsini verdimi?

- Bu bölgədə həm taxılçılıq sahələrinin əsas hissəsi yerləşir, həm də kənd təsərrüfatı nöqteyi nəzərindən riskli ərazidir. Əkin sahələrinin böyük hissəsi dəmyə şəraitindədir. Burada tarixən əkinçilik mədəniyyəti yaxşı formalaşıb, insanlar torpağın dilini yaxşı bilirlər. Təəssüf ki, dəmyə şəraitində taxıl böcəyi və siçanabənzər gəmiricilər rahat artırlar. Bu il də havalarının mülayim keçməsi onların fəallaşmasına səbəb olub. Buna baxmayaraq, ilk məlumat daxil olan kimi qərargahlar yaradılıb, mübarizə tədbirlərinə başlanılıb. Burada bəzi problemlər var - kiçik ölçülü pay torpaqlarında hamı eyni bitki əkmir. Məsələn, bir fermer aqrotexniki qaydalara əməl edir, sahəsini vaxtında şumlayır, digəri bunu etmir və zərərvericilər orada yayılmağa başlayır və s. Amma onlar üçün münbit şərait yaradan əsas havadır. Ötən il 83 min hektar sahədə siçanabəznər gəmiricilərə, 40 min hektar sahədə isə taxıl böcəyinə qarşı mübarizə aparılıb. Hava mənfi dərəcəyə düşdükdə, mübarizə tədbirləri dayandırılıb, bu zaman onlar torpağın alt qatlarına gedir və qidalanmasını dayandırır. Lakin qidalanmağa davam edərsə yenidən, mübarizə tədbirləri də başlayacaq. Onların sahələrə ziyan vurmaması üçün maksimum çalışırıq.

- Ötən ilin sonunda müsahibələrinizin birində qeyd etmisiz ki, Azərbaycana, əsasən Tovuz və Cəlilabad rayonlarına xaricdən kartof toxumu gətirilir. Xaricdən ərzaq adı ilə orta ölçülü, toxum keyfiyyətinə malik olmayan kartofu vaqonlarla alıb, Azərbaycanda toxumluq kartof kimi satıblar. Gömrük Komitəsi ilə birgə müzakirə aparılıb, bu məsələ hazırda ciddi araşdırılır, hansı rayonlarda əkilibsə, öyrənilir və belə şəxslər barəsində aidiyyəti qurumlara məlumat veriləcək. Bu araşdırmaların nəticəsi necə olub?

- Bu iş ciddi nəzarətə götürülüb. Düzdür, fermer müstəqil şəxsdir, istədiyi toxumu əkə bilər. Bir tərəfdən maarifləndirici tədbirlər aparırıq, digər tərəfdən toxumu gətirib sonradan subsidiya almaq istəyənlərin qarşısını almaq məqsədilə həmin sahələrdə birmənalı olaraq sənədləşdirmə aparılmır. Onlar həmin məhsula görə artıq toxum kimi subsidiya ala bilmirlər. Çünki onlar toxum əkməyiblər. Bu istiqmətdə işlər aparılır. Maarifləndirmə də aparılır ki, toxum əkin, sonra da toxum istehsal edib, subsidiya ala bilərsiniz. Həm də toxum əkildikdə məhsularlıq daha yüksək olur. Tədricən müəyyən bürokratik əngəllərin aradan qalxması, sahibkarlığa daha münbit şərait yaradıldıqdan sonra insanlar toxum gətirib, toxum kimi əkməyə daha çox maraq göstərəcəklər. Çünki toxumun gətirilməsi vergidən azaddır və onun gətirilməsi daha asandır.

- Həmçinin qeyd etmisiz ki, 2016-cı ildən Rusiyanın bəzi vilayətlərindən bu kimi idxala qadağa qoyulacaq. Hazırda məsələ nə yerdədir? Həmin vilayətlər müəyyənləşdirilibmi?

- Bu, təkcə Rusiya üçün nəzərdə tutulmur. Bu il atdığımız bir çox addımlar var ki, onlardan biri də onunla bağlıdır. İlk dəfə olaraq Xidmət karantin orqanizm aşkar etdiyinə görə Rusiyanın İrkutsk şəhərindən taxtanın gətirilməsinə qadağa qoyub. Bundan başqa, bu il yüzlərlə maşın pestisid keyfiyyət göstəricilərinə uyğun olmadığına görə geri qaytarılıb. Gələn il üçün də həm Rusiyanın vilayətlərindən, həm də digər ölkələrdən, ölkənin karantin vəziyyətinə uyğun olaraq qərarlar veriləcək və idxal icazələri verilərəkən bunlar nəzərə alınacaq. Bir çox ölkələrdən onların idxalının qarşısı alınacaq. Ölkəmiz kənd təsərrüfatı məhsulları, bitkiçilik məhsulları ilə özünü 100% təmin edə bilir, idxalçı ölkədən ixraçatçı ölkəyə çevrilmək istəyirik. Bu sahədə böyük potensialımız var. Əsas marağımız digər karantin növlərinin ölkəmizdə yayılmamasıdır. Məsələn, Almaniyaya hər hansı bir bitkiçilik məhsulu ixrac etmək istəyiriksə, orada sahibkar alman tərəfinə müraciət edən kimi almanlar bizdən ölkənin beynəlxalq standartlara uyğun olaraq fitosanitar vəziyyətini istəyir. Biz bunu olduğu kimi verməyə borcluyuq, çünki Beynəlxalq Bitki Mühafizəsi Konvensiyasının üzvüyük. Alman da bu vəziyyətə baxdıqda məhsulun keyfiyyətinin nə qədər gözəl, qiymətinin nə qədər ucuz olmasına baxmayaraq, orada nə qədər karantin növü olarsa, bizim məhsulu qəbul etməyəcək. Çünki bizim karantin növü Almaniyaya yayıla bilər. İxracı artırmaq üçün bu karantin növlərinin sayını azaltmalıyıq, daxil olmasının qarşısını almaq üçün bütün tədbirlər görməliyik ki, gələcəkdə belə problemlər olmasın.

- Xarici ölkələrdən idxal olunan meyvə və tərəvəz məhsulları arasında tərkibində GMO olan məhsullara da rast gəlinir. Bu məhsulların ölkəyə daxil olmasının qarşısının alınması üçün hansı tədbirlər görülür? Məlumdur ki, bu yaxınlarda dövlət başçısı da tərkibində GMO olan məhsulların ölkəyə daxil olmasının qarşısını almaq haqqında sərəncam imzalayıb.

-Bu məsələdə də xeyli populist fikirlər səslənir. Təəssüf ki, televiziyada da bunlar göstərilir. Bu sahəyə aid olmayan fikirlər söylənilir, çox vaxt onların 90%-i düz deyil. GMO yetişdirmək asan proses deyil, milyonlarla pul xərclənir. Hər meyvənin GMO növləri yoxdur. Beynəlxalq GMO çeşidlərinin kataloqu var. O siyahı internetdə də, biz də var. Hər kəs baxa bilər. Əsasən qarğıdalı, soya, raps kimi bitkilərin daha çox GMO növləri var. Respublikada prosedur qayda belədir - idxal üçün bizə müraciət edirlər, mütləq həmin məhsulun növünü siyahı üzrə yoxlayırıq. Həmçinin Dövlət Gömrük Komitəsi də bu cür yoxlayır. Xidmətdə GMO orqanizmlərinin müəyyən edilməsi üzrə laboratoriya quraşdırılıb. Kadrlarımız Türkiyədə təlim keçiblər. Yaxın vaxtlarda həmin laboratoriya işə başlayacaq. Ümumi şəkildə isə qanunvercilikdə gətirilməsi, becərilməsi qadağandır. Bunun qarşısının alınması üçün müvafiq tədbirlər görülür.

- Ötən il və əvvəlki illərdə bitkiçilikdə gəmirici və çəyirtkəkimilərin ölkəyə miqrasiya etdiyini müşahidə etdik. Eyni zamanda, işğal altında olan ərazilərimizdə heç bir fitosanitar tədbirlər görülmədiyindən, orada yerləşən rayonlara da miqrasiyası olur. Hazırda bu məsələ ilə bağlı ölkədə vəziyyət necədir?

- 2013-cü ildə bizə İrandan Mərakeş çəyirtkəsinin miqrasiyası baş verib. Son zamanlar işğal altında olan ərazilərdən mütəmadi olaraq Mərakeş çəyirtkələrinin, siçanabənzər gəmiricilərin miqrasiyası baş verir. Digər tərəfdən, 2014-cü ildə Gürcüstan və Ermənistandan Ağstafa və Qazaxa, Zaqatala rayonuna İtaliya çəyirtkələrinin miqrasiyası baş verib. Əvvəlki illərdə Mərakeş çəyirtkələrinin miqrasiyası baş veribi, son illər isə onun qarşısı alınıb. Bu təbii haldır, eyni zamanda Amerika ağ kəpəyinin Xaçmaz, Astara, Lənkəranda kökünün kəsilməsi üçün mübarizə aparırıq. Onlar cənubda İran tərəfindən, şimalda Rusiyadan miqrasiya edir. Bu, təbii hadisədir, lakin kənd təsərrüfatını ciddi ziyan dəyməməsi üçün davamlı olaraq operativ şəkildə monitorinqlər aparılır. Ötən il Rusiyadan Abşeron ətrafına Asiya çəyirtkəsi miqrasiya edib, biz müasir cihazlarla 500 hektardan artıq ərazidə ziyanvericilərlə operativ mübarizə apardıq. Əks təqdirdə onlar hər yerə yayılardılar.

- Artıq son illər dünyada, həmçinin Azərbaycanda qlobal istiləşmə müşahidə edilir. Bu il də Azərbaycanda isti keçir, bunun məhsuldarlığa təsirini necə qiymətləndirirsiz?

- Havanın isti keçməsi bir tərəfdən gecikmiş əkinlər üçün xeyirlidir, amma digər tərəfdən, zərərli orqanizmlərin rahat artıb-çoxalması üçün ziyanlıdır. Lakin proqnozları ciddi izləyirik. Bölgələrdə qar az qalsa da, yağır. Hələlik demək olmaz ki, kənd təsərrüfatı üçün pis il olacaq. Ümid edək ki, bu il 2015-ci ildən də məhsuldar olacaq.

- Rəhbərlik etdiyiniz qurumun bu il üçün tədbirlər planında hansı məsələlər yer alıb?

- Bizdə yeni ildə keçən il ilk dəfə aparılan bioloji mübarizə bərpa olunub. Belə ki, ilk dəfə Abşeronda bioloji laboratoriyada trixoqramın (faydalı həşərat) istehsalına başlanılıb və İmişlidə pambıq sahələrinə tətbiq edilib. Eyni zamanda, son illərdə ilk dəfə respublikaya insanlar üçün az ziyanlı bioloji preparatların gətirilməsinə başlanılıb. Eyni zamanda, pestisidlərin texnoloji proseslərinin təkmilləşdirilməsi istiqamətində işlər gedir və davam etdiriləcək. Bundan başqa, bu il laboratoriyaların yenidən qurulması işləri başa çatdırılır. Onların müasir standaratla uyğunlaşdırılması, akkreditasiyadan keçirilməsi, kadrların yenidən hazırlanması üçün xaricə səfərləri təşkil olunacaq. Bundan başqa, kadr çatışmazlığını nəzərə alıb, daxili imkanlar hesabına treninq mərkəzi yaratmışıq. Orada yeni gənc kadrların hazırlanması təşkil ediləcək. Bütün işlərimiz fitosanitar sabitliyin qorunub saxlanılması, məhsulun həm kəmiyyət, həm də keyfiyyət göstəricilərinin yaxşılaşmasına yönəlib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi