Beynəlxalq layihə çərçivəsində qadın fermerlərə dəstək göstəriləcək

Beynəlxalq layihə çərçivəsində qadın fermerlərə dəstək göstəriləcək “PAŞA Holding”in maliyyə dəstəyi ilə həyata keçirilən AFAQ layihəsinə ilkin mərhələdə 500-ə yaxın qadın fermerdən müraciət daxil olub
ASK
180
15 Avqust , 2020 13:40
Beynəlxalq layihə çərçivəsində qadın fermerlərə dəstək göstəriləcək

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının texniki və “PAŞA Holding”in maliyyə dəstəyi ilə həyata keçirilən AFAQ layihəsində iştirak etmək üçün ilkin mərhələdə 500-ə yaxın qadın fermerdən müraciət daxil olub.

Bu barədə “Report”a Nazirlikdən bildirilib.

Məlumata görə, indiyədək 72 fermerin təsərrüfatına baxış keçirilib, qiymətləndirmə aparılıb. Dəyərləndirmə aparıldıqdan sonra layihənin kriteriyalarına uyğun gələn qadın fermerlərin təsərrüfatlarına onların müraciətlərinə uyğun olaraq müvafiq avadanlıqlar veriləcək və təlimlər keçiriləcək.

Ötən gün Şamaxı rayonundan layihəyə seçilmiş ilk qadın fermerlərlə növbəti görüş keçirilib. Görüş zamanı layihəyə müraciət etmiş və təlimləri uğurla tamamlamış 3 qadın fermerə təsərrüfatlarının ehtiyacları üzrə dəstək göstərilib. Dəstək göstərilən hər üç fermer Şamaxı rayonu Məlikçobanlı kənd sakinləridir. Fermer Ramilə Seyidova və Gülmayə Seyidovaya təsərrüfatlarının böyüdülməsi məqsədi ilə iribuynuzlu, İradə Abdullayevaya isə xırdabuynuzlu heyvanlar verilib. 

Görüş zamanı AFAQ layihəsinin koordinatoru Fidan Alıyeva və Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) direktoru Etibar Muradlı fermer qadınları təlimləri uğurla başa vurduqları üçün təbrik edib, gələcəkdə təsərrüfatlarını böyütmək, daha da inkişaf etdirmək üçün Kənd Təsərrüfatı Nazirliyi və tabeliyindəki qurumların xidmətlərindən istifadə etməyi tövsiyə ediblər.

Qeyd edək ki, AFAQ layihəsi kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qadın fermerlərin sayının, həmçinin bilik və bacarıqlarının artırılması, eləcə də aqrar sahibkara çevrilmə yolunda onlara dəstək göstərilməsi məqsədilə icra edilir. Layihə çərçivəsində qadın fermerlərə ehtiyacları üzrə dəstəyin göstərilməsi bundan sonra da davam etdiriləcək.

Layihəyə müraciət etmək istəyən qadın fermerlər afaq.az saytı vasitəsi ilə qeydiyyatdan keçə, ATT-nin Regional İdarələrinə, eləcə də DAİM-lərə müraciət edə, 1 652 və ya +994 50 400 88 99 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Xatırladaq ki, AFAQ layihəsi çərçivəsində yerli və xarici mütəxəssislər tərəfindən keçirilən təlim və konsultasiya dəstəyindən bu günə qədər 300-ə yaxın qadın fermer faydalanıb.

Orphus sistemi