Yuxarı

Bərdə keçirilən forumda 57 sahibkara 695 min manat güzəştli kre​dit verilib

İlin əvvəlindən SKMF 288 sahibkara 5,3 mln. manat həcmində güzəştli kredit ayırıb

Bakı. 6 fevral. REPORT.AZ/ İlin əvvəlindən Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 288 sahibkara 5,3 mln. manat həcmində güzəştli kredit verib. “Report” məlumat verir ki, bunu Fondunun icraçı direktoru Şirzad Abdullayev fevralın 6-da Bərdənin Zümürxan kəndində keçirilən sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forumda deyib.

Ş.Abdullayevin sözlərinə görə, 80-ə yaxın sahibkarın iştirak etdiyi tədbirdə rayonun iqtisadi potensialına uyğun olaraq, cins heyvandarlıq və intensiv bağçılıq təsərrüfatları, pendir, üzlük daş və corab istehsalı müəssisələri, "yaşıl market" və fermer mağazalarının yaradılması üzrə investisiya layihələrinin təqdimatı keçirilib.

Əlavə olunub ki, indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 9 500-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 409,1 mln. manat, o cümlədən Bərdə rayonundan olan 1 994 sahibkara 60 mln. manat güzəştli kredit verilib. Bu kreditlər hesabına Bərdədə 4 200-dən çox yeni iş yeri yaradılıb.

Ş.Abdullayev bildirib ki, ötən illər ərzində 23 550 başlıq 20 cins heyvandarlıq kompleksi, illik emal gücü 200 min ton olan 8 süd, illik emal gücü 13,2 min ton ət və 68,2 min ton ət kəsimi olan 7 istehsal və emal müəssisəsinə 128 mln. manat güzəştli kredit verilib.

İşgüzar forum çərçivəsində Bərdə və ətraf rayonlardan olan 57 sahibkara 694,5 min manat güzəştli kredit verilib. Həyata keçiriləcək layihələr 90-a yaxın yeni iş yerinin yaradılmasına imkan verir.

Qeyd edək ki, forum çərçivəsində dövlətin güzəştli krediti ayrılan Bərdə Aqrar-Sənaye Kompleksində aparılan son tamamlama işlərinə və rayonun Türkmən kəndində 500 başlıq müasir heyvandarlıq kompleksində aparılan tikinti-quraşdırma işlərinə baxış keçirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi