​Bakıda yumurta və quş əti bahalaşıb - MONİTORİNQ

​Bakıda yumurta və quş əti bahalaşıb - MONİTORİNQ Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev: "Məhsulları mağaza sahibləri baha satır"
ASK
14 Avqust , 2015 11:49
​Bakıda yumurta və quş əti bahalaşıb - MONİTORİNQ

Bakı. 14 avqust. REPORT.AZ/Bakı şəhərinin pərakəndə ticarət obyektlərində son bir ayda yumurta və quş ətinin bahalaşması müşahidə olunur. "Report"un bir neçə paytaxt mağazasında apardığı sorğu nəticəsində qiymətlərin artdığı məlum olub.

Mağaza sahibləri bir ay əvvəl yumurtanın bir qutusunu (360 ədəd) 23 manata aldıqları (1 ədəd - 6 qəpik) halda, hazırda bu rəqəmin 37-38 manata (1 ədəd - 10 qəpik) yüksəldiyini bildiriblər. Onlar daha keyfiyyətli yumurtanın ədədini topdansatışdan 10-11 qəpiyə alıb, 12 qəpiyə satdıqlarını vurğulayıblar. Sahibkarlar 1 kq quş ətinin qiymətində isə artımın 20-30 qəpik olduğunu bildiriblər.

Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev "Report"a açıqlamasında bildirib ki, quşçuluq müəssisələrində qiymətlərdə ciddi dəyişiklik qeydə alınmayıb: "Yumurta əvvəlki kimi çeşidindən asılı olaraq 6-8 qəpiyə satılır. Quş ətinin qiyməti isə 20 qəpik civarında artıb. Məhsulları mağaza sahibləri baha satır".

A.Vəliyev qeyd edib ki, quşçuluq müəssisələrinə quş istehsalı baha başa gəlir. Onun sözlərinə görə, buna səbəb yem və yem əlavələrinin xaricdən gətirilməsidir. Sədr onu da əlavə edib ki, yerli bazara xarici məhsulların daxil olması yerli məhsulun satışına mənfi təsir göstərir.

Son xəbərlər

Orphus sistemi