​Bakıda beynəlxalq qida sənayesi və kənd təsərrüfatı sərgiləri keçirilir

​Bakıda beynəlxalq qida sənayesi və kənd təsərrüfatı sərgiləri keçirilir Sərgilərdə dünyanın 34 ölkəsini təmsil edən 313 şirkət iştirak edir
ASK
19 May , 2016 12:08
​Bakıda beynəlxalq qida sənayesi və kənd təsərrüfatı sərgiləri keçirilir

Bakı. 19 may. REPORT.AZ/ Bu gün Bakıda "İteca Caspian" şirkətinin təşkilatçılığı ilə XXII Beynəlxalq Qida ("WorldFood Azerbaijan-2016") və X Kənd Təsərrüfatı ("CaspianAgro-2016") sərgilərinin açılış mərasimi keçirilib. 

"Report" xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov sərgi təşkilatçılarına təşəkkürünü bildirib. Nazir qeyd edib ki, sərginin təşkili ilə Azərbaycan istehsalı olan məhsulların tanıtımı, eyni zamanda dünya ölkələri və ən əsası qonşu ölkələrin məhsulları, istifadə etdiyi texnologiyalar nümayiş etdirilir. 

"Son illərdə dövlət başçısı qeyri-neft sektorunun, xüsusilə də kənd təsərrüfatı sahəsinin inkişafı üçün silsilə qərarlar verir. Məhz bunun nəticəsidir ki, artıq bir neçə ildir aqrar sektorda yeni münasibətlər formalaşıb. Nəticə olaraq ölkədə istehsal edilən məhsulların rəqabətə davamlılığı artıb, ixrac imkanları genişlənib. Bu da bütövlükdə milli miqyasda ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bərabər qlobal miqyasda da ərzaq təhlükəsizliyinin təmin edilməsinə bir tövhə rolunu oynayıb. Əldə olunan nailiyyətlərin nümayiş etdirilməsi, ictimaiyyətə və beynəlxalq işgüzar dairələrə çatdırılmasında bu sərgilərin təşkili böyük əhəmiyyət kəsb edir. Bu sərgi vasitəsilə şirkətlər arasında əlaqələr qurulur, xarici tərəfdaşlar seçilir və qeyri-neft sektorunun inkişafı üçün sağlam addımlar atılır. Dövlət başçısı hər il keçirilən bu sərgilərin açılışında iştirak edir, işgüzar dairələr, partnyorlarla tanış olur. Eyni zamanda, təcrübə mübadiləsi baxımından da sərgi əhəmiyyətlidir", - deyə nazir qeyd edib. 

H.Əsədov əlavə edib ki, bu il sərginin fərqli cəhətlərindən biri pambıqçılığın inkişafı məqsədilə qarşıya qoyulan işlərə uyğun olaraq bir sıra texnikanın, mineral gübrələrin və bu sahədə inkişafa səbəb olacaq digər vasitələrin nümayişidir: "Yerli əhali tərəfindən bu informasiyaların mənimsənilməsi və öyrənilməsi, yerlərə ötürülməsi üçün 22 regionun bu sərgiyə səfərinin təşkil olunması da nəzərdə tutulur. İlk dəfə olaraq Kənd Təsərrüfatı Nazirliyi də elektron kənd təsrrüfatının imkanlarını öz pavilyonunda nümayiş etdirir. Bu il sərgidə iştirak edən şirkətlərin 67%-ni xarici şirkətlər təşkil edir. Burada dünyanın 34 ölkəsini təmsil edən 313 şirkət iştirak edir".

Qeyd edək ki, bu il "WorldFood Azerbaijan" və "CaspianAgro" sərgilərində iştirak edən ölkələr arasında Azərbaycan, Belarus, Almaniya, Hindistan, İspaniya, İtaliya, Qazaxıstan, Litva, Niderland, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya, Çexiya və digər ölkələr var.

Son xəbərlər

Orphus sistemi