Yuxarı
    Bağlamaq

    Bakıda bağçılıqla məşğul olan şirkətlərin görüşü olub

    Görüşdə ölkənin ixrac potensialı böyük olan məhsulların istehsalı və satış imkanlarına dair müvafiq təkliflər səsləndirilib

    Bakı. 23 fevral. REPORT.AZ/ Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının təşkilatçılığı ölkənin aparıcı bağçılarının görüşü keçirilib. 

    Assosiasiyadan "Report"a daxil olan məlumata görə, görüşdə İqtisadiyyat Nazirliyinin nümayəndələri, “Soyuzaqrokontrakt” MMC, "D.Fruits KT" MMC, “Amoris” MMC, "Aqrovest Limited" MMC, "Aznar" QSC, "Astara bağları" MMC", “3 MS ltd" MMC kimi iri istehsalçılarla yanaşı, fərdi qaydada intensiv bağçılıqla məşğul olan sahibkarlar da iştirak ediblər.

    Assosiasiyanın sədri Bəşir Quliyev aidiyyəti dövlət qurumları ilə həyata keçirilən sıx əməkdaşlıq və məsləhətləşmələr barədə məlumat verərək, bunların istehsalçılar üçün böyük dəstək və əlavə stimul olduğunu vurğulayıb. 

    Sonra assosiasiyanın icraçı direktoru Elnur İslamov çıxışında təşkilatının istehsalçılar və dövlət qurumları ilə əlaqələndirici funksiyasından bəhs edib və istehsalçıların fəaliyyətləri ilə bağlı təkliflərin toplanması və operativ şəkildə müvafiq dövlət qurumlarına müraciət etmə imkanlarını xatırladaraq onları bu istiqamətdə daha fəal olmağa çağırıb.

    Görüş zamanı bağçılıq sahəsinin mövcud vəziyyəti, inkişaf perspektivləri, bəzi yerli məhsullar üzrə milli genofondun yaradılması ilə yanaşı, yerli iqlimə uyğunlaşdırılmış tinglərlə bağlı faydalı bilik və təcrübə mübadiləsi aparılıb. Həmçinin məhsulların satış və yeni ixrac bazarları, bağçılıq təsərrüfatlarının fəaliyyətləri ilə bağlı məsələlərə dair daha operativ həll və təkliflərin yerindəcə verilməsi üçün İqtisadiyyat Nazirliyi, assosiasiyanın logistika və qablaşdırma tərəfdaşlarının nümayəndələri tərəfindən iştirakçıların sualları cavablandırılıb. Eyni zamanda məhsulların uzun müddətə saxlanması sayəsində innovativ həll təklif edən Türkiyənin "Aypek Paketləmə" şirkətinin nümayəndəsi tərəfindən meyvələrin nəqliyyat vasitələrində daşınması zamanı istifadə olunan və 15-28 gün məhsulun keyfiyyətini özündə qoruyan ABŞ patentli “smart pack” (ağıllı qablaşdırma) texnologiyası ilə hazırlanan paketlər nümayiş etdirilib.

    Görüşdə həmçinin bəzi bağçılıq sahələrinin xüsusiyyətləri nəzərə alınaraq müvafiq kənd təsərrüfatı texnikaları ilə təminat, kiçik istehsalçıların saxlama anbarları və gübrə idxalı ilə məşğul olan şirkətlərlə bağlı təklifləri, ərəb ölkələrinə ixracın artırılması istiqamətində İran logistika şirkətləri ilə əməkdaşlıq imkanları və məhsul emalı ilə bağlı vergi qanunvericiliyində olan məsələlər ətrafında maraqlı müzakirələr aparılıb. Eyni zamanda ölkənin zeytun, badam, feyxoa və çay kimi ixrac potensialı böyük olan məhsulların istehsalı və satış imkanlarına dair müvafiq təkliflər səsləndirilib.

    B.Quliyev yekun nitqində belə görüşlərin daha da tez-tez keçirilməsini, sektorun inkişafı, istehsalın artırılması və ixrac imkanlarının genişləndirilməsi istiqamətində müxtəlif layihələr üzərində iş aparılmasının vacidbliyini söyləyib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi