Yuxarı

​Bakıda Azərbaycan və Xəzər dənizi Neft-Qaz Həftəsi tədbirlərinə start verilib

İlk tədbir əsasən təhlükəsiz və ucuz qazma və kəşfiyyat əməliyyatlarına həsr olunub

Bakı. 20 noyabr. REPORT.AZ/ Bu gün Bakıda II Azərbaycan və Xəzər dənizi Neft-Qaz Həftəsi çərçivəsində tədbirlərə start verilib. "Report" xəbər verir ki, bu məqsədlə Bakıda işə başlayan iki günlük ilk tədbirdə müxtəlif yerli və beynəlxalq neft-qaz, texnologiya şirkətlərinin nümayəndələri çıxış ediblər. Tədbiri giriş sözü ilə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) OGPC (Neft-Qaz və Neft-Kimya Kompleksi) layihəsi üzrə Marketing və daşınma İdarəsinin rəhbəri Ruslan Lətifov açıb. R.Lətifov Azərbaycanda son illər gedən proseslər, ölkənin neft-qaz strategiyası haqqında qonaqlara məlumat verib.

Tədbirin ilk günü çıxış edən şirkət rəsmiləri əsasən gördükləri işlər və qarşıda duran planlar haqqında danışıblar.

SOCAR-ın OGPC layihəsinin Təşkili və müqavilələr Departamentinin layihə üzrə işlərin təşkili şöbəsinin böyük mühəndisi Orxan Cəfərov gələn il tikintisinə başlanılacaq Neft-Qaz və Neft-Kimya Kompleksi haqqında məlumat verib və inşaat işlərinin hansı mərhələlərdən ibarət olacağını, maliyyələşmə mənbələrinin hansı qurumların aparacağını açıqlayıb.

"Halliburton" şikətinin qlobal məsləhətçisi və istehsal meneceri Luis F.Quintero köhnə quyularda işləmək perspektivləri, həmçinin bu tipli quyuların riskləri ilə bağlı danışıb. O, təmsil etdiyi şikətin köhnə quyularda hasilat işləri üçün tətbiq etdiyi yeni texnologiyalar haqqında məlumat verib.

Dərin quyularda təhlükəsiz, daha az əmək və vəsait xərcləməklə effektiv işlərin görülməsi ilə bağlı danışan "NeoDrill" baş meneceri Harald Strand bu tipli işlər üçün tətbiq etdikləri yeni qurğuların artıq sınaqdan çıxarıldığını qeyd edib. H.Strandın fikrincə, bu tipli texnologiyaların dərinliyi 1 000 metrdən çox olan quyularda, yeni qazılan quyuların kəşfiyyat işləri zamanı istifadəsi mümkündür.

Ümumilikdə, tədbirin ilk gününün nahara qədər hissəsi təhlükəsiz və ucuz qazma və kəşfiyyat əməliyyatlarına həsr edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi