Bakı. 8 fevral. REPORT.AZ/ Bu gün Bakıda Aqrar Məşğulluğun Artırılması Layihəsi (AMAL) çərçivəsində AMAL-çılarla görüş keçirilib.
“Report”un məlumatına görə, görüş AMAL-a start vermək məqsədi ilə ilə təşkil edilib.
Görüşdə 300-dən artıq AMAL-çı iştirak edib.
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova bildirib ki, AMAL kənd təsərrüfatı sahəsində gəncləri dəstəkləyən, Azərbaycanın bölgələrində həyata keçirilən ilk təşəbbüsdür.
Onun sözlərinə görə, bu layihə çərçivəsində Gənc Fermerlər Hərəkatının əsası qoyulmuş olur: “Layihənin məqsədi kəndlərdə yaşayan gənclər arasında sahibkarlıq mədəniyyətinin təşviqi ilə məşğulluq imkanlarının artırılmasıdır. Nəticə etibarı ilə biz aqrar sahəyə marağı artıracağıq, innovasiyaları tətbiq edəcəyik və kəndlərdə yaşayan gənclərin fərdi biznes və sahibkarlıq imkanlarını genişləndirəcəyik”.
Nazir müavini AMAL-ın üstünlüyü barədə də danışıb və iştirakçıların kompleks dəstək mexanizmi ilə təmin ediləcəyini vurğulayıb: “AMAL-çı olaraq bölgələrdəki gənclərə təşkilatlanma və mobilizasiya işində dəstək veriləcək, bizneslərinin inkişafı və istehsal prosesinin düzgün təşkil edilməsi istiqamətində peşəkar təlimlər keçiriləcək, innovativ layihələr təşviq ediləcək və icra olunması üçün istehsal vasitələri, kredit və qrantlar təklif olunacaq, davamlı olaraq pulsuz informasiya-məsləhət xidməti göstəriləcək, hazır məhsulların bazara çıxarılmasına dəstək veriləcək. Bu da son nəticədə həm aqrotexniki tədbirlərin müvafiq tələblərə uyğun olaraq qurulmasına və ayrılmış kredit vəsaitlərinin təyinatı üzrə istifadəsinə imkan yaradacaq. Eyni zamanda gələcək AMAL-çıların Aqrar Könüllülər Hərəkatı təşəbbüsünə cəlb edilərək digər gənc təsərrüfatçıların fəaliyyətinə dəstək verməsi nəzərdə tutulur”.
Sonra gənclər və idman nazirinin müavini Fərhad Hacıyev layihənin qaliblərinə uğurlar arzu edib. O, rəsmisi olduğu nazirliyin hər zaman bu cür gənclərə dəstək olduğunu və bundan sonra da dəstək olacağını bildirib.