Yuxarı

Bakıda 1,1 ton yararsız mal əti məhv edilib

Ətlərdə bakterioloji çirklənmə aşkar olunub

Bakı. 22 aprel. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) mütəxəssislərinin aprelin 19-da aşkar etdiyi mənşəyi məlum olmayan, baytarlıq-sanitariya cəhətdən keyfiyyəti və təhlükəsizliyi şübhə doğuran ət və ət məhsullarından götürülən nümunələrin Respublika Baytarlıq Laboratoriyasında müayinəsi başa çatıb.

DBNX-dən "Report"a daxil olan xəbərə görə, laboratoriyada aparılan bakterioloji müayinələrin nəticəsinə görə, həm Ağcabədi rayonundan, həm də Zərdab rayonundan gətirilən ətlərdə bakterioloji çirklənmə aşkar olunub. Biokimyəvi müayinə zamanı isə ətlərin keyfiyyətsiz və baytarlıq-sanitariya cəhətdən yararsız olması müəyyən edilib. Eləcə də müayinə zamanı Ağcabədi rayonunun Aşağı Avşar kəndindən “Daewoo Nexia” markalı 99-AU-715 dövlət nömrə nişanlı minik avtomobili ilə Bakı şəhərinə satış üçün gətirilən ətlərdə aqoniya və ya öldükdən sonra kəsilmiş iribuynuzlu heyvan ətlərinin olması aşkarlanıb.

Laboratoriya müayinələrinin nəticəsinə uyğun qəbul edilmiş qərara müvafiq olaraq həm Ağcabədi, həm də Zərdab rayonlarından gətirilən mənşəyi məlum olmayan, keyfiyyətsiz, baytarlıq-sanitariya cəhətdən yararsız, aqoniya və ya öldükdən sonra kəsilmiş heyvan ətləri Sumqayıt şəhər Məişət Tullantıları Poliqonunda aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə baytarlıq-sanitariya tələblərinə uyğun zərərsizləşdirilib.

Xatırladaq ki, aprelin 19-da Bakının Qaradağ rayonunda minik avtomobilində 500 kq (şaqqalara bölünmüş 2 ədəd iri heyvan, 6 ədəd xırda heyvan cəmdəkləri, daxili orqanlar), yük avtomobilində isə 600 kq (4 ədəd iri heyvan cəmdəyi, heyvanın daxili orqanları, 5 ədəd heyvan baş-ayağı) miqdarında mənşəyi məlum olmayan, qida üçün yararlığı şübhə doğuran, sağlamlığına və haradan alınmasına dair heç bir müşayiətedici baytarlıq arayışı və sənədi olmayan heyvan əti aşkar olunub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi