Bakı şəhər Baytarlıq İdarəsinin fəaliyyəti və qarşıda duran vəzifələrə dair iclas keçirilib

Bakı şəhər Baytarlıq İdarəsinin fəaliyyəti və qarşıda duran vəzifələrə dair iclas keçirilib İclasda baytarlıq-sanitariya ekspertiza laboratoriyaların müdir vəzifələrinə yeni rəhbərlər təyin olunub
ASK
11 İyun , 2016 19:51
Bakı şəhər Baytarlıq İdarəsinin fəaliyyəti və qarşıda duran vəzifələrə dair iclas keçirilib

Bakı. 11 iyun. REPORT.AZ/ İyunun 11-də Kənd Təsərrüfatı Nazirliyində “Bakı şəhər Baytarlıq İdarəsinin fəaliyyəti və qarşıda duran vəzifələrə dair” geniş tərkibdə iclası keçirilib.

Nazirlikdən "Report"a verilən məlumata görə, iclasda Kənd Təsərrüfatı Nazirliyin kollegiya üzvləri, şöbə müdirləri, müvafiq qurumlarının rəhbərləri, Baytarlıq Xidmətinin məsul işçiləri, Bakı şəhər Baytarlıq İdarəsinin rəhbərliyi və tabeliyində olan baytarlıq-sanitariya ekspertiza laboratoriyalarının müdirləri, sahə baytarlıq məntəqələrinin müdirləri, eləcə də Respublika Baytarlıq Laboratoriyasının mütəxəssisləri iştirak etmişlər.

İclası kənd təsərrüfatı naziri Heydər Əsədov açaraq ölkə rəhbəri tərəfindən aqrar sektora göstərilən diqqət və qayğıdan, həyata keçirilən institutsional islahatlardan danışaraq, respublikada ərzaq təhlükəsizliyinin təmin olunmasında Baytarlıq Xidmətinin müstəsna rolu olduğunu qeyd edib. Prezident İlham Əliyevin kənd təsərrüfatı sahəsinin inkişafına xüsusi önəm verildiyini qeyd edən nazir ölkə başçısı tərəfindən aqrar sahədə çalışan mütəxəssis və sahibkarlar qarşısında mühüm vəzifələr qoyulduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

İclasda Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi vəzifəsini müvəqqəti icra edən Azər Süleymanov Bakı şəhər Baytarlıq İdarəsinin fəaliyyəti və mövcud nöqsanlar barədə geniş və əhatəli məlumat verib.

İclasda baytarlıq-sanitariya ekspertiza laboratoriyalarının fəaliyyəti barədə hər bir baytarlıq-sanitariya ekspertiza laboratoriyalarının (BSEL) rəhbərinin məlumatı dinlənilib.

İclasda işdə ciddi nöqsanlara yol verdiklərinə və işlərini günün tələbləri səviyyəsində qura bilmədiklərinə, alınmış müasir baytarlıq laboratoriya avadanlıq və reaktivlərindən səmərəli istifadəsini təmin etmədiklərinə görə 2 saylı BSEL-in müdiri Mehri Əliyeva, 6 saylı BSEL-in müdiri Gülnarə Sadıqova və 20 saylı BSEL müdiri Nüşabə Abdullayeva tutduqları vəzifədən azad edilib; 9 saylı BSEL-in müdiri Almaz Bağırova, 10 saylı BSEL-in müdiri Canbaxış Vəliyevə, 17 saylı BSEL-in müdiri Saleh Arazova axırıncı xəbərdarlıq olmaqla şiddətli töhmət; 18 saylı BSEL-in müdiri Əlixan İbrahimova, 23 saylı BSEL-in müdiri Yusif İbrahimova, 24 saylı BSEL-in müdiri Süleyman Əhmədova, 5 saylı BSEL-in müdiri Ramazan Eminova töhmət verilmiş, 8 saylı BSEL-in müdiri Ramiz Əsgərova, 13 saylı BSEL-in müdiri Əbülfət Əsədova xəbərdarlıq edilmiş, qısa müddətdə işlərində dönüş yaratmadıqları təqdirdə daha ciddi tədbirlər görüləcəyi nəzərlərinə çatdırılıb.

İclasa yekun vuran nazir Heydər Əsədov bu sahədə mövcud nöqsanların aradan qaldırılması məqsədilə laboratoriyaların maddi-texniki bazasının yaxşılaşdırılması, dərman vasitələri ilə təmin edilməsi, uçot-hesabat işlərinin lazımı səviyyədə aparılması, bu sahəyə gənc mütəxəssislərin cəlb olunması, heyvan kəsim məntəqələrinin və ət satışı mağazalarının yenidən qeydiyyatının aparılması, keyfiyyətsiz ətlərin satışının qarsısının alınması üçün baytarlıq nəzarətinin gücləndirilməsi və mövcud nöqsanların qısa müddətdə aradan qaldırılması üçün baytarlıq mütəxəssislərindən ibarət monitorinq qrupunun yaradılmasını məqsədəmüvafiq hesab edib.

28 BSEL-nın müdir vəzifələrinə, şəffaflıq yolu ilə yeni rəhbərlər təyin olunub.

Son xəbərlər

Orphus sistemi