Yuxarı
    Bağlamaq

    Bakıda arıçılıq məhsullarının sərgi-satış yarmarkası başlayıb

    Tədbirdə 440-a yaxın arıçı iştirak edir və 190 ton bal gətirilib

    Bakı. 1 oktyabr. REPORT.AZ/ Bu gün Bakıda arıçılıq məhsullarının növbəti respublika sərgi-satış yarmarkası açılıb. "Report" məlumat verir ki, yarmarkada Naxçıvan MR və respublikanın 40 rayonundan 438 nəfər arıçı iştirak edir və 190 ton bal, 500 kq çiçək tozu, 200 kq güləm, 5 kq arı südü və 150 kq vərəmum satışa çıxarılıb.

    Arıçılıq sahəsində beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi məqsədilə Qırğızıstanda istehsal edilmiş arıçılıq məhsullarının da satışına yarmarkada şərait yaradılıb.

    Kənd təsərrüfatı naziri Heydər Əsədov yarmarkaya gələrək burada yaradılan şəraitlə tanış olub, bal istehsalçıları və alıcılarla söhbət edib, balın keyfiyyəti və qiyməti ilə maraqlanıb, ölkədə arıçılığın inkişafı ilə bağlı məsləhət və tövsiyələrini verib.

    "Arıçılıq haqqında" qanuna əsasən, hər il keçirilən yarmarka artıq ənənəyə çevrilib. Bakı sakinlərində böyük maraq doğuran sərgi-satış yarmarkasının məqsədi Azərbaycanda arıçılığı təbliğ etmək, onu geniş yaymaq və inkişaf etdirmək, təcrübə mübadiləsi aparmaq və arıçılıq məhsullarının ixracı üçün yollar axtarmaqdır. Ənənəvi olaraq keçirilən yarmarkalarda cari ildə şəffaflığın təmin edilməsi və məhsulun keyfiyyətinə maksimum dərəcədə nəzarət olunmasının təmin edilməsi məqsədilə bir çox yeniliklər tətbiq edilib. Belə ki, yarmarkaya ancaq öz arıxanalarını müvafiq rayon baytarlıq idarələrində qeydiyyatdan keçməklə arıxananın qeydiyyat pasportunu əldə etmiş və zona baytarlıq laboratoriyalarında məhsullarını müayinə etdirərək müsbət cavablar almış arıçılar buraxılıb. Yarmarkaya çıxarılan məhsullar sentyabrın 10-dan xüsusi mühafizə edilən anbarlara toplanıb və respublika baytarlıq laboratoriyasına gizli kodla müayinəyə cəlb edilib. Müayinələrin nəticəsinə görə, normativ tələblərə cavab verməyən məhsul gətirmiş 8 arıçı yarmarkaya buraxılmayıb və 3 530 kq keyfiyyətsiz balın satışına icazə verilməyib. Yarmarkanın keçirildiyi ərazidə video müşahidə təmin edilib ki, bunun vasitəsilə yarmarka sutka ərzində onlayn rejimdə Nazirlik tərəfindən izlənilir", - deyə H.Əsədov bildirib.

    Qeyd edək ki, yarmarka oktyabrın 30-dək davam edəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi