​Azərbaycanın Aran iqtisadi rayonunda sahibkarlara 8 870 investisiya layihəsinin icrasına 400 mln. manat güzəştli kredit ayrılıb

​Azərbaycanın Aran iqtisadi rayonunda sahibkarlara 8 870 investisiya layihəsinin icrasına 400 mln. manat güzəştli kredit ayrılıb Bu ilin sonunadək 9 quşçuluq müəssisəsinin istifadəyə verilməsi nəzərdə tutulur
ASK
10 Oktyabr , 2014 16:17
​Azərbaycanın Aran iqtisadi rayonunda sahibkarlara 8 870 investisiya layihəsinin icrasına 400 mln. manat güzəştli kredit ayrılıb

Bakı. 10 oktyabr.REPORT.AZ/ Azərbaycanın Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 8 870 investisiya layihəsinin maliyyələşdirilməsinə 398,7 mln. manat həcmində güzəştli kredit verilib. İqtisadiyyat və Sənaye Nazirliyindən "Report"a verilən məlumata görə, bunu Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) icraçı direktoru Şirzad Abdullayev sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair Zərdab rayonunda keçirilən forumda bildirib.

"Digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistika mərkəzləri, quşçuluq fabrikləri, çörək zavodları, üzümçülük, intensiv bağçılıq, tingçilik və toxumçuluq, istixana təsərrüfatları, meyvə-tərəvəz, ət və süd emalı, quru meyvə, tikinti materialları istehsalı müəssisələrinin yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib, 31,5 mindən çox yeni iş yerinin açılması imkanı yaradılıb", - deyə Ş.Abdullayev qeyd edib.

Forum çərçivəsində Zərdab və ətraf rayonlardan olan 56 sahibkara 18,7 mln. manat güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən heyvandarlıq, əkinçilik, üzümçülük, süd emalı, tikinti materiallarının istehsalı və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 200-dən çox yeni iş yerinin açılması mümkün olacaq. Ümumilikdə, 2014-cü ilin ötən dövrü ərzində ölkə üzrə 4 233 sahibkara 240 mln. manat güzəştli kredit verilib ki, bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 9,4 mindən çox yeni iş yerinin yaradılmasına imkan verir.

Forum çərçivəsində Ucar rayonunun Alpout kəndində güzəştli kredit ayrılan müasir quşçuluq təsərrüfatının fəaliyyətinə baxış keçirilib. İllik istehsal gücü 9,5 min ton quş əti olan təsərrüfatda Hollandiya və Almaniya şirkətləri tərəfindən ən son texnologiyalar əsasında istehsal olunan avadanlıqlarla təchiz olunmuş 25 ədəd istehsal sahəsi, müasir kəsim fabriki və yem istehsalı zavodu tikilib. Təsərrüfatda istehsal olunub quş ətinin daxili bazarla yanaşı, xarici bazarlara ixracı nəzərdə tutulur.

Qeyd edək ki, SKMF vasitəsilə quşçuluğun inkişafı üçün sahibkarlıq subyektlərinin 293 investisiya layihəsinin maliyyələşdirilməsinə 116,7 mln. manat, o cümlədən müasir texnologiyaların tətbiqinə əsaslanan, illik istehsal gücü 95 mln. ədəd damazlıq yumurta, 57,9 min ton quş əti və 156,7 mln. ədəd əmtəəlik yumurta olan 39 layihənin maliyyələşdirilməsinə 108,5 mln. manat güzəştli kredit verilib. Maliyyələşdirilmiş müəssisələrdən illik istehsal gücü 59 mln. ədəd damazlıq yumurta, 38,1 min ton quş əti və 154,9 mln. ədəd əmtəəlik yumurta olan 30 müəssisə istifadəyə verilib, illik istehsal gücü 36 mln. ədəd damazlıq yumurta, 19,8 min ton quş əti və 1,8 mln. ədəd əmtəəlik yumurta olan 9 müəssisənin isə bu ilin sonuna qədər istifadəyə verilməsi nəzərdə tutulur. Verilən güzəştli kreditlər hesabına respublikada mövcud olan quşçuluq təsərrüfatlarının ümumi istehsal gücü quş əti üzrə 127,5 min tona, əmtəəlik yumurta üzrə isə 1,1 mlrd. ədədə çatdırılıb.

Bu ilin 9 ayı ərzində sənaye üsulu ilə quş əti istehsalı 2013-cü ilin müvafiq dövrünə nisbətən 25,7% artaraq 46 min ton təşkil edib.

Son xəbərlər

Orphus sistemi