"Azpromo": Azərbaycan bir sıra məhsullarına görə dünya bazarında kifayət qədər tanınır"

"Azpromo": Azərbaycan bir sıra məhsullarına görə dünya bazarında kifayət qədər tanınır" Bu gün İqtisadiyyat Nazirliyi qeyri-neft məhsullarının ixrac imkanlarını dəyərləndirib
ASK
6 Oktyabr , 2016 17:46
Azpromo: Azərbaycan bir sıra məhsullarına görə dünya bazarında kifayət qədər tanınır

Bakı. 6 oktyabr. REPORT.AZ/ "Azərbaycan bir sıra mal mövqeləri üzrə xarici bazarlarda xüsusilə tanınır. Məsələn, Azərbaycan dünya bazarında etibarlı fındıq, nar, alma və digər meyvə-tərəvəz məhsullarının istehsalçısı kimi kifayət qədər tanınan ölkədir".

"Report" xəbər verir ki, bunu "Made in Azerbaijan" brendinin təşviq olunması çərçivəsində ixracın dəstəklənməsində dövlətin dəstəyinə dair keçirilən tədirdə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov bildirib.

"Eyni zamanda, Azərbaycanın kənd təsərrüfatı məhsullarının emalı sayəsində də kifayət qədər potensialı var. İxracın reallaşdırılması üçün perspektivli sahələrə alkoqollu və alkoqolsuz içkilər, şərablar, şirələr, kimyəvi məhsullar, müxtəlif avdanlıq, metal və ondan hazırlanan məhsullar, o cümlədən plastik məhsulları da şamil etmək olar" - R.Məmmədov deyib.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyi Prezident İlham Əliyevin xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patent almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi qaydasının təsdiq edilməsinə dair imzaladığı fərmanla əlaqədar müxtəlif sahələrdə fəaliyyət göstərən 60-dan artıq yerli şirkətin nümayəndəsinin iştirakı ilə tədbir keçirib.

AZPROMO-nun rəhbəri bildirib ki, qeyri-neft məhsullarının istehsalçıları xarici ölkələrə ixrac zamanı sənəddə nəzərdə tutulan dəstək tədbirlərindən yararlana bilərlər.

AZPROMO-nun vitse-prezidenti Yusif Abdullayev bildirib ki, dəstək tədbirlərindən yararlanacaq ixracatçıları müəyyən etmək üçün İqtisadiyyat Nazirliyi tərəfindən müsabiqə təşkil ediləcək. İxracatçılara dəstək məbləğinin ödənilməsi isə nağdsız qaydada həyata keçiriləcək. Onun sözlərinə görə, fərmanla təsdiq edilən qaydalar hazırlanarkən bir sıra ölkələrin qabaqcıl təcrübələri öyrənilib, müxtəlif ölkələrin bu sahədəki mütəxəssisləri ilə fikir mübadiləsi aparılıb. Y.Abdullayev xarici ölkələrə ixrac missiyalarının təşkili, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinin olduqca önəmli olduğunu qeyd edərək bildirib ki, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi və marketinq fəaliyyətinin dəstəklənməsi məqsədilə sahibkarların beynəlxalq sərgi və yarmarkalarda vahid ölkə stendi ilə və ya fərdi qaydada iştirakı təmin ediləcək. O, daha sonra tədbir iştirakçılarını fərmanda qeyd edilən maddələrlə ətraflı tanış edib.

Tədbirin sonunda iştirakçıların suallarına yer ayrılıb. İş adamlarından biri qida məhsullarının ixracı zamanı tələb edilən sertifikatların verilmə müddətinin qısaldılmasını təklif edib. Onun sözlərinə görə, bu məsələ mərkəzləşdirilmiş şəkildə və ya vahid pəncərə prinsipi ilə həyata keçirilərsə, qida məhsullarının ixracına təsir göstərən bu cür amillər aradan qaldırılmış olar: "Məsələn, Rusiyaya qida məhsulları ixrac etmək istəyirik. Hazır məhsul üçün sertifikat almaqdan ötrü müəyyən müddət gözləməli oluruq və son nəticədə məhsullarımızı yenidən istehsal etmək məcburiyyətində qalırıq". 

Son xəbərlər

Orphus sistemi