Yuxarı

Azərbaycanla İran arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

İranın Şərqi Azərbaycan vilayətinin valisi İqtisadiyyat və Sənaye Nazirliyində olub

Bakı. 20 oktyabr. REPORT.AZ/ İqtisadiyyat və sənaye naziri, Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev İran İslam Respublikasının Şərqi Azərbaycan vilayətinin valisi İsmayıl Cabbarzadənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

"Report"un İqtisadiyyat və Sənaye Nazirliyinə istinadən verdiyi xəbərə görə, görüşdə nazir Şahin Mustafayev Azərbaycan və İran arasında siyasi və iqtisadi əlaqələrin inkişaf etdiyini, ölkələrin əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduğunu qeyd edib, ötən il dövlət başçılarının qarşılıqlı rəsmi səfərlərindən və keçirilən görüşlərdən sonra Azərbaycan-İran əlaqələrinin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu vurğulayıb.

Qeyd edilib ki, Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının fəaliyyəti də ölkələrimiz arasında iqtisadi münasibətlərin inkişafına öz töhfəsini verir. Bu yaxınlarda Azərbaycanın və İranın Astara şəhərlərində keçirilmiş görüşlər zamanı Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı dəmir yolu xətlərinin əlaqələndirilməsinə, Biləsuvar və Astara sərhəd-keçid məntəqələrinin 24 saat fasiləsiz işləməsinə və digər məsələlərə dair razılıqlar əldə olunub.

Şimal-Cənub nəqliyyat dəhlizinin fəaliyyətinin təkmilləşdirilməsi Şərqi Azərbaycan vilayəti üçün də əhəmiyyətli olacaq. Ölkələr arasında iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən neft, enerji, nəqliyyat, ticarət, sənaye, turizm, səhiyyə və təhsil sahələrində əməkdaşlığın uğurla davam etdiyini qeyd edən Şahin Mustafayev kənd təsərrüfatı, logistika və s. sahələrdə əməkdaşlıq üçün geniş potensialın olduğunu vurğulayıb.

İranın Şərqi Azərbaycan vilayətinin valisi İsmayıl Cabbarzadə dövlət başçılarının birgə səyləri nəticəsində ölkələr arasında əlaqələrin genişləndiyini, əməkdaşlığın daha da inkişafı üçün böyük potensialın olduğunu qeyd edib. Azərbaycan-İran iqtisadi əlaqələrinin inkişafı istiqamətləri barədə fikirlərini bölüşən İ.Cabbarzadə neft, sənaye, kənd təsərrüfatı, turizm sahələrində əməkdaşlıq perspektivlərindən danışıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi