Azərbaycanın meyvə-tərəvəz ixracının coğrafiyası genişləndirilə bilər

Azərbaycanın meyvə-tərəvəz ixracının coğrafiyası genişləndirilə bilər Bakı. 15 noyabr. REPORT.AZ/ Bu gün Bakıda “Fitosanitar karantin nəzarətində olan məhsulların ənənəvi ixrac bazarlarındakı mövqelərin möhkəmləndirilməsi məqsədi ilə fitosanitariya sahəsində beynəlxalq standartlarin təmin edilməsi” mövzusunda tədbir keçirilib.
ASK
15 Noyabr , 2017 16:56
Azərbaycanın meyvə-tərəvəz ixracının coğrafiyası genişləndirilə bilər

Bakı. 15 noyabr. REPORT.AZ/ Bu gün Bakıda “Fitosanitar karantin nəzarətində olan məhsulların ənənəvi ixrac bazarlarındakı mövqelərin möhkəmləndirilməsi məqsədi ilə fitosanitariya sahəsində beynəlxalq standartlarin təmin edilməsi” mövzusunda tədbir keçirilib.

“Report” bu barədə Kənd Təsərrüfatı Nazirliyinə (KTN) istinadən xəbər verir.

Məlumata görə, tədbirdə nazirlik yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin (DFNX) rəisi Camal Quliyev və xidmətin əməkdaşları, Ümumdünya Ərzaq Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak, Azərbaycan Meyvə və tərəvəz istehsalçıları və ixracatçıları Assosiasiyasının rəhbəri Bəşir Quliyev və Bakı-Abşeron, Aran və Cənub bölgələrinin ixracyönümlü kənd təsərrüfatı məhsullarının istehsalçıları və ixracatçıları iştirak edib.

Tədbirin əsas məqsədi sahibkarlara fitosanitar karantin nəzarətində olan məhsullarin ənənəvi ixrac bazarlarındakı mövqelərinin möhkəmləndirilməsi məqsədi ilə fitosanitariya sahəsində milli və beynəlxalq qanunvericiliyin aşılanması, ixrac üçün məhsul istehsalında fitosanitar təhlükəsizlik baxımından kritik nəzarət nöqtələri, zərərli orqanizmlərlə mübarizənin təşkili, ləğvedici tədbirlər sistemi, karantin rejiminin tətbiqi, ixrac öncəsi karantin nəzarətində olan materiallara fitosanitar karantin baxışının keçirilməsinin zəruriliyi, ağac qablaşdırma materiallarına qoyulan fitosanitar tələblər (İSPM 15), həmçinin idxalçı ölkələrin fitosanitar karantin tələbləri, Azərbaycanda fitosanitar karantin nəzarətində olan məhsulların ixrac üçün sertifikadlaşdırılması sistemi, ixrac üçün yoxlamaların təhlili zəruriliyi barədə məlumatların verilməsi və bu sahədə dəstəyin göstərilməsindən ibarət olub.

Tədbirdə çıxış edən DFNX-nin rəisi Camal Quliyev sahibkarlığın inkişafına verilən dövlət dəstəyi və bu sahədə həyata keçirilən tədbirlər, həmçinin ixrac potensialının gücləndirilməsi, idxaldan asılılığın azaldılması, davamlı ərzaq təhlükəsizliyinin təmin edilməsi barədə ətraflı məlumat verib. O, son illər rəhbərlik etdiyi qurumun çevik idarəetmə strukturunun formalaşdırılması, zərərli orqanizmlərin diaqnostikası və keyfiyyətə nəzarət üzrə milli laboratoriyaların diaqnostik səviyyəsinin yüksəldilməsi, respublika ərazisində fitosanitar vəziyyətin elmi əsaslarla idarə edilməsi mexanizminin təkmilləşdirilməsi, fitosanitar sabitliyin qorunub saxlanılması, qeyri-dövlət fitosanitar xidməti subyektlərinin inkişafının dəstəklənməsi nəticəsində bitkiçilik məhsullarının istehsalının artırılması, keyfiyyət göstəricilərinin yaxşılaşdırılması, insan sağlamlığına və ətraf mühitə pestisidlərin zərərli təsirinin minimuma endirilməsi istiqamətində ciddi addımlar atıldığından danışaraq, 11 regionda həm Aqrokimya Laboratoriyası, Karantin Ekspertiza Laboratoriyası, həm də Nəzarət Toksikologiya Laboratoriyalarınn funksiyasını həyata keçirən vahid laboratoriya sisteminin yaradılmasını və bu sistemin əhəmiyyətliliyini vurğulayıb. Nazirlik rəsmisi qeyd edib ki, məsələlərə kompleks yanaşılması və istehsal edilən məhsulun keyfiyyətinə nəzarətin gücləndirilməsi sağlam və keyfiyyətli məhsulların ixracının artırılmasına səbəb olacaq.

Eyni zamanda tədbirdə bu sahədəki inkişafın daha da sürətləndirilməsinin, Azərbaycan üçün strateji bazar olan Rusiya və digər ölkələrə mövcud meyvə-tərəvəz ixracının artırılmasının və ixrac coğrafiyasının genişləndirilməsinin əsas hədəf kimi qarşıda durduğunu qeyd edilib və bu sahədə sahibkarlara hər cür dəstəyin göstəriləcəyi bildirilib.

FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak qonaqları salamlayaraq Azərbaycanda fitosanitar karantin tələblərinə ciddi əməl edilməklə sağlam və keyfiyyətli məhsul istehsal olunduğunu və bu sahədə beynəlxalq standartların tətbiq edildiyini vurğulayıb.

Azərbaycan Meyvə və tərəvəz istehsalçıları və ixracatçıları Assosiasiyasının rəhbəri Bəşir Quliyev kənd təsərrüfatı nazirliyi tərəfindən həyata keçirilən bu tədbirlərin sahibkarların maarifləndirilməsində əhəmiyyətini qeyd edərək son illərdə ölkə başçısının rəhbərliyi ilə aparılan uğurlu iqtisadi siyasətin tərkib hissəsi olan aqrar islahatların real nəticələr verdiyini və bu sektorda fəaliyyət göstərən sahibkarlar üçün yaradılmış əlverişli şəraitdən danışaraq istixana sektorunun aqrar sahədəki rolu və əhəmiyyətini qeyd etməklə hal-hazırda ciddi ixrac potensialının yaradıldığını vurğulayıb.

Sonra sahibkarları maraqlandıran suallar ətraflı cavablandırılıb.

Son xəbərlər

Orphus sistemi