Yuxarı
    Bağlamaq

    Azərbaycanın aqrar sektorunda “Dəyər zənciri” layihəsinin icrasına başlanılıb

    Layihə 3 rayonun fermerlərinin becərdiyi məhsulun emalçı ilə əlaqələndirilməsini və hazır məhsulun satıcıya çatdırılmasını nəzərdə tutur

    Bakı. 1 fevral. REPORT.AZ/ Samux rayonunun Sərkar kəndində unikal pilot layihənin icrasına başlanılıb.

    “Report” Kənd Təsərrüfatı Nazirliyinə (KTN) istinadən xəbər verir ki, “Dəyər zənciri” adlı layihə Samux, Şəmkir və Göy-göl rayonlarındakı fermerlərin becərdiyi məhsulun emalçı ilə əlaqələndirilməsini və hazır məhsulun satıcıya çatdırılmasını nəzərdə tutur.

    “Dəyər zənciri” KTN yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Olunması üzrə Dövlət Xidmətinin Dünya Bankı ilə birgə icra etdiyi “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi” layihəsi çərçivəsində maliyyələşdirilir.

    “Dəyər zənciri" layihəsi ölkə üçün innovasiyadır. Layihə təkcə fəaliyyətlər və münasibətlərdə yenilik etməklə kifayətlənmir. Eyni zamanda, kənd təsərrüfatı məhsullarının istehsalı və emalında ən innovativ texnologiyalardan istifadəni nəzərdə tutur. Layihənin əsas məqsədləri dayanıqlı və sağlam fermer təsərrüfatlarının sayını artırmaq, emalçıları yerli xammaldan istifadəyə həvəsləndirmək, rəqabətyönümlü məhsulların istehsalı ilə idxalı əvəzləmək və ixracyönümlü məhsul istehsalını artırmaqdır.

    Samuxda yaradılacaq müəssisənin nümunəsində demək olar ki, Azərbaycanda ilk dəfə yerli emalçı ölkəmizə xaricdən idxal olunan qara kişmişlə rəqabət aparacaq məhsul istehsal edəcək və onun məhsulu həm idxalı əvəzləyəcək, həm də ixraca yönləndiriləcək.

    "Dəyər zənciri" layihəsinin üstünlüyü həm də ondan ibarətdir ki, ayrılan qrant bir nəfərə və ya tək emalçıya verilməyəcək – vəsait istehsalçıdan, yəni fermerdən zəncirin son halqasına – məhsulun alıcıya çatdırılmasınadək bütün dəyər zənciri boyu mövcud və yarana biləcək problemlərin aradan qaldırılmasına sərf olunacaq.

    Dünya Bankının monitorinq sistemi ödəmə və məsrəflərin tamamilə şəffaflığına nəzarət edəcək. Qurumla razılaşmaya əsasən, 20 belə dəyər zənciri qrant layihəsi həyata keçiriləcək”, - məlumatda qeyd olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi