Azərbaycanda olan mal-qaranın məhsuldarlığının az olmasının səbəbləri açıqlandı

Azərbaycanda olan mal-qaranın məhsuldarlığının az olmasının səbəbləri açıqlandı Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun ərazisində seleksiya fermasının yaradılması istiqamətində işlər davam etdirilir.
ASK
28 Avqust , 2021 11:35
Azərbaycanda olan mal-qaranın məhsuldarlığının az olmasının səbəbləri açıqlandı

Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun ərazisində seleksiya fermasının yaradılması istiqamətində işlər davam etdirilir.

Bu barədə “Report”a Elmi-Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyev bildirib.

Onun sözlərinə görə, hazırda institutun nəzdində olan damazlıq fermasında yeni mal-qara növlərinin, mələzlərin və cinslərinin yaradılması istiqamətində işlər aparılır.

M. Hacıyev qeyd edib ki, yerli cinslərlə xaricdən gətirilən cinslər çarpazlaşdıraraq yeni mələzlər (başqa-başqa cinslərin çarpazlaşdırılmasından yaradılmış) alınmaq üzrədir: “Mələzlərin Azərbaycan şəraitinə uyğunlaşmasını istəyirik. Gələn il əvvəlki illərlə müqayisədə daha məhsuldar mələzlər əldə etmək istəyirik. Avropadan “İl de Frans”, “Suffolk”, “Lakon”, “Merino Landşaf” və Tacikistandan “Hisar” qoyun cinsləri gətirilib. Fermada Azərbaycanın müxtəlif bölgələrindən olan “Qala”, “Qaradolaq”, “Bozax” qoyun cinsləri xaricdən gətirilən qoyun cinsləri ilə çarpazlaşdıraraq ilkin mələzlər (Lakon X Bozax) əldə edilib. İlk mərhələdə alınan mələz heyvanlar F1 qolu sayılır. Heyvandarlıqda cins əldə etmək prosesi uzundur. Bu proses qoyunçuluqda və maldarlıqda 5 ildən 10 ilə qədər müddəti əhatə edə bilər. Həmçinin, sürünün formalaşdırılması istiqamətində iş aparılır. Bu istiqamətdə seleksiya proqramı hazırlanır və gələcəkdə onun əsasında işlər davam etdiriləcək”.

O əlavə edib ki, əldə ediləcək qoyunlarda süd məhsuldarlığı 86-120 litr, yerli qoyunlarda isə bu 30-45 litr arasındadır: “Bu, qaba yunlu qoyun cinsində olacaq. Əldə ediləcək qoyunlarda bala vermə qabiliyyəti 100 ana qoyuna 160 bala, yerlilərdə bu göstərici 100 ana qoyundan 90-110 bala alınır.

M.Hacıyev deyib ki, xaricdən gətirilən qoyunların Azərbaycan şəraitinə uyğunlaşması üzərində tədqiqat işləri aparılır: “Gələn il Azərbaycan şəraitinə uyğun yeni cinsin yaradılması istiqamətində işlər davam etdiriləcək”.

O bildirib ki, qoyunçuluğun elmi əsaslarla inkişaf etdirilməsi artıq tətbiq edilir: “Artıq ölkədə belə bir tendensiya yaranıb ki, qoyunçuluq intensiv və yarım intensiv üsulla inkişaf etdirilməlidir. Çünki ölkədə qoyunçuluğun inkişafına nail olmaq istəyiriksə, bundan başqa yol yoxdur. Qoyunçuluğun pərakəndə yetişdirilməsində nəticə əldə etmək çətindir. Burada örüş və otlaq sahələrinin kəskin azalması və əkinə verilməsini də qeyd etmək lazımdır”.

O, idxal edilən qoyunların, iribuynuzlu mal-qaranın Azərbaycanda daha az məhsul verməsinə münasibət bildirib: “Azərbaycanda qoyunçuluq kortəbii inkişaf etdirilir. Yəni, respublikada intensiv qoyunçuluğa nadir hallarda rast gəlmək olar. Nəzərə almalıyıq ki, ölkəyə gətirilən qoyunlar xüsusi cinslər olduğundan onlara özəl qulluq tələb edilir. İdxal edilən qoyunlara xüsusi yemləmə proqramı təşkil edilməlidir. Belə olduğu təqdirdə bu heyvanlar yüksək məhsul verə bilər. Lakin biz həmin heyvanları ölkəyə gətirəndə ekstremal şəraitə salırıq və onların yemləməsinə, bəslənmə şəraitinə diqqət etmirik.

Bu gün heyvandarlıqda vacib məsələlərdən biri ekoloji durumdan asılı olaraq onların bioloji təhlükəsizliyi məsələsidir. Bioloji təhlükəsizliyi təmin etmək imkanına malik olmadığından bu da çox vaxt təsərrüfatlarda məhsuldarlığın azalmasına, müxtəlif növ xəstəliklərin yaranmasına səbəb olur. Bunun qarşısının alınması məqsədilə mütləq olaraq respublikada intensiv qoyunçuluğun təşkil edilməsinə imkan yaradılmalıdır. Kənd Təsərrüfatı Nazirliyi bu sahədə işlərə başlayıb. Yəqin ki, yaxın gələcəkdə biz bunun bəhrəsini görəcəyik”.

M.Hacıyev qeyd edib ki, 2019-cu ildə ölkədə 7 milyon 681 min 700 baş qoyun, 622 min 400 baş keçi olub: “2020-ci ildə isə baş qoyun 1,3 % azalaraq 7 milyon 575 min 400, baş keçi isə 1,3 % azalaraq 613 min 800 baş keçi qeydə alınıb”.

O, həmçinin bu il ilk dəfə Kəlbəcər yaylaqlarına qoyunçuluq təsərrüfatlarının köçürülməsinə münasibət bildirib: “Bu, qoyunçuluğun inkişafında faydalı olacaq. Belə ki, azad edilmiş ərazilər təbii otlaqlardır və bu qoyunların məhsuldarlığına səbəb olacaq”.

Son xəbərlər

Orphus sistemi