Yuxarı

Azərbaycanda yeni sterilizasiya kompleksi hazırlanıb

Sterilizasiya və tədqiqat nüvə reaktorunun yaradılması üçün ərazi ayrılıb

Bakı. 13 may. REPORT.AZ/ Azərbaycanda sterilizasiya məqsədli güclü qamma şüalanma kompleksi hazırlanıb. "Report " xəbər verir ki, bunu Nüvə Tədqiqatları Mərkəzinin rəhbəri Adil Qəribov jurnalistlərə açıqlamasında deyib. 

O bildirib ki, Qobu dəvəçilik sovxozunun ərazisində sterilizasiya və tədqiqat nüvə reaktorunun yaradılması üçün ərazi ayrılıb: "Həmin 15 hektar ərazidə sterilizasiya məqsədli qurğunun binası tikilib, şüalanma qurğusu qoyulub, hazırda ərazidə izotop mənbənin və ərazinin abadlaşma işləri aparılır. Qamma şüalanma kompleksinin özünün və ofis laboratoriyasının binaları hazırdır. Yaxın vaxtlarda işlər tamamlanacaq. Güman edilir ki, ilin sonuna kimi qurğu qurulacaq və izotoplar Azərbaycana gətirilərək istifadəyə veriləcək". 

A.Qəribov deyib ki, bütün dünyada kartof, taxıl və digər kənd təsərrüfatı məhsulları tez xarab olur: "Onları uzun müddət saxlamaq üçün aşağı dozalarda keyfiyyət göstəricilərinə təsir etmədən şüalandırma yolu ilə sterilizasiya olunur. Onlarda olan mikroblar bununla da məhv olur. Bu mərkəzin özünün xüsusi laboratoriyası var və MAQATE tərəfindən beynəlxalq standartlara uyğun olaraq yaradılıb. Bu, həm dazumetrik, həm də keyfiyyətə nəzarət laboratoriyası olacaq. Burada istənilən məhsulun sterilizasiyasını aparmaq mümkün olacaq. Məhsulların açılmadan, qablaşdırılmış halda şüalandırılaraq sterilizasiyası aparılacaq". 

Mərkəz rəhbərinin sözlərinə görə, qurğunun əsas məqsədi Azərbaycana gətirilən bütün ərzaq məhsulları, tibbi avadanlıqlar, müxtəlif tikinti materialları və digər məhsulların radiasiya üsulu ilə işlədilməsidir: "Bütün tibbi avadanlıqlar dünyada yalnız radiasiya üsulu ilə strelizə edilir. Şərq ölkəsi olduğu üçün Azərbaycanda çoxlu sayda ədviyyatlardan istifadə olunur. Onların heç biri işlənməyə məruz qalmır. Onlar adətən necə hazırlanırsa, elə də istifadə edilir və nəticədə özləri ilə bir çox mikrob və digər lazımsız şeylər daşıyır. Onları yalnız radiasiya üsulu ilə sterilizə etmək olar". 

A.Qəribov qeyd edib ki, qurğu Azərbaycanla yanaşı, bütün MDB ölkələrində ən güclü qurğulardan biridir və yüksək məhsuldarlığa malikdir: "Bundan Azərbaycanın müxtəlif sahələrində, o cümlədən tibbdə, texnikada və s. səmərəli istifadə ediləcək". 

O, həmçinin bildirib ki, bəzi qeyri-obyektiv anlaşılmazlıq var: "Deyilir ki, bu qurğu həmin zonaya yaxın yaşayan insanlar üçün müəyyən təhlükə yaradır və gələcəkdə tədqiqat nüvə reaktorunun tikilməsi əhali üçün ziyanlı olacaq. Mən demək istəyirəm ki, bu qurğuların hamısının divarının son küncündə ölçülən radiasiya fonu təbii fondan aşağıdır. Ondan arxayın ola bilərlər ki, bu əhaliyə və ətraf mühitə təsiri olmayan ən müasir avadanlıqlardır".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi