Bu ayın sonundan Azərbaycanda taxıl biçininə start veriləcək.
Bu barədə “Report”a Kənd Təsərüfatı Nazirliyindən məlumat verilib.
Məlumata görə, bununla əlaqədar nazirliyə məxsus “Aqrolizinq” ASC-nin əməkdaşları mövcud kombaynlara texniki baxış keçirir, GPS cihazlarında sazlanma işləri aparır, nasaz texnikaları təmir edir.
Bu il ölkədə biçinə ümumilikdə 1 700-dən çox taxılbiçən kombaynın cəlb olunması gözlənilir. Bunun 700-dən çoxu “Aqrolizinq”ə məxsus olan, 990 ədədi isə fiziki şəxslərin və iri təsərrüfat sahiblərinin istifadəsində olan texnikalardır. “Aqrolizinq” ilk növbədə 50 hektara qədər olan taxıl sahələrində biçin aparacaq. 1 hektar taxıl sahəsi üçün biçin qiymətinin yuxarı həddi 38 manatdır.
Bundan başqa, “Aqrolizinq”in əməkdaşları karantin rejiminin qaydalarına əməl etməklə kənd və qəsəbələrdə vətəndaşlarla maarifləndirmə işləri aparır. Fermerlərə biçin haqda ətraflı məlumat verilir, biçin prosesi, biçinə nəzarət, vətəndaşların növbəli biçin prosesinə əməl etməsinin vacibliyi haqqında tövsiyələr, çağırışlar edilir. Biçinə nəzarəti Kənd Təsərrüfatı Nazirliyində yaradılmış Mərkəzi Qərargah, yerlərdə isə Dövlət Aqrar İnkişaf Mərkəzləri (DAİM) GPS trekerlər vasitəsi ilə həyata keçirəcək.
Hazırda fermerlərə biçində növbəliliyin təmin edilməsinin vacibliyini əks etdirən bukletlər paylanır, kənd və qəsəbələrin mərkəzi yerlərində məlumatlatlandırıcı elanlar vurulur. Bu istiqamətdə ilk maarifləndirici görüşlər düşmənlə təmas xəttində yerləşən Füzuli rayonunun Qazaxlar kəndində, Ağcabədi, Beyləqan, Sabirabad, Hacıqabul, Ağdaş, Yevlax, Bərdə, Tərtər rayonlarında keçirilib. Görüşlər respublikanın taxıl əkilmiş bütün rayonlarını əhatə edəcək.