Azərbaycanda taxıl biçininə başlanılıb

Azərbaycanda taxıl biçininə başlanılıb Artıq ölkə üzrə biçin qrafiki də müəyyənləşdirilib
ASK
1 İyun , 2016 17:20
Azərbaycanda taxıl biçininə başlanılıb

Bakı. 1 iyun. REPORT.AZ/ Bu ilin taxıl biçini mövsümündə Azərbaycan üzrə cəmi 927,4 min hektar ərazidə payızlıq taxıl biçini nəzərdə tutulub. Biçinə hazırlıqla əlaqədar olaraq mövcud olan taxılyığan kombayn parkının dislokasiyası müəyyən edilib və biçin qrafiki tərtib olunub.

Kənd Təsərrüfatı Nazirliyindən "Report"a daxil olan məlumata görə, bu il taxıl biçini mövsümündə 2 400-dən artıq taxılyığan kombayn biçində iştirak edəcək. Mövcud olan kombaynlar tam saz vəziyyətə gətirilib, bölgələr üzrə taxılın yetişmə ardıcıllığı nəzərə alınmaqla kombaynların rayonlar arası hərəkət qrafiki tərtib edilib.

Biçində iştirak edən kombaynların əksər hissəsi “Aqrolizinq” ASC tərəfindən Avropanın qabaqcıl şirkətlərindən alınmış və lizinq yolu ilə istifadəçilərə satılmış “Sampo”, “New Holland” və “Claas” tipli kombaynlardır.

Bununla yanaşı, regional nümayəndəliklərin istifadəsində olan 500-dən artıq taxılyığan kombayn biçin kampaniyasında iştirak edəcək.

Taxılın itkisiz və vaxtında yığılmasının təmin edilməsi üçün Kənd Təsərrüfatı Nazirliyinin rayon idarələri, “Aqrolizinq” ASC-nin rayon nümayəndəlikləri, Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin yerli bölmələri operativ iş rejiminə keçirilib və mövsümdə onların fəaliyyətinin əlaqələndirilməsi üçün müvafiq tədbirlər həyata keçirilib.

Vətəndaşlardan daxil olan müraciətlərin vaxtında və operativ baxılıb həll edilməsi üçün Kənd Təsərrüfatı Nazirliyinin 1652 Çağrı Mərkəzi, “Aqrolizinq” ASC-nin (+994 12) 425-64-27, Nazirliyin texniki siyasət şöbəsinin (+994 12) 493-53-40 və (+994 12) 493-52-98 və Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin (+994 12) 562-69-27 əlaqə nömrələri istehsalçıların ixtiyarına verilib. Biçin mövsümdə hər hansı problem yaranarsa, istehsalçıların qeyd olunan nömrələrə zəng etmələri tövsiyə olunur.

Son xəbərlər

Orphus sistemi