Bakı. 14 sentyabr. REPORT.AZ/ Azərbaycanda bu il sentyabrın 1-nə 237 610 hektar sahədə təmiz herik şumu da daxil olmaqla, payızlıq əkinlər üçün şum qaldırılıb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,7 min ha və ya 7,5% çoxdur.
Payızlıq əkinlər üçün şum qaldırılmasını sürətləndirmək və taxıl səpinini optimal müddətdə başa çatdırmaq məqsədilə sentyabrın 16-da Şəki rayonunda “Şum qaldırılmasının başa çatdırılması və payızlıq taxıl səpininə hazırlıq” mövzusunda regional müşavirənin keçirilməsi planlaşdırılır. Tədbirdə nazirliyin bitkiçilik şöbəsi, nazirlik yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti, “Aqrolizinq” ASC, Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi, aidiyyəti elmi-tədqiqat institutları, yerli icra hakimiyyəti orqanlarının nümayəndələri, eləcə də fermer və sahibkarların iştirakları nəzərdə tutulur.