Yuxarı

​Azərbaycanda siçanabənzər gəmiricilər artıb

Eyni zamanda, işğal altında olan ərazilərdən həmsərhəd rayonlara gəmiricilərin miqrasiyası müşahidə edilir

Bakı. 16 noybar. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti (DFNX) bu ilin noyabr ayı ərzində siçanabənzər gəmiricilərin say miqdarını müəyyən etmək məqsədilə ölkə üzrə ümumilikdə 47 662 hektar sahədə müşahidə aparıb və 25 381 hektar sahədə gəmiricilərlə sirayətlənmə qeydə alınıb. DFNX-dən "Report"a daxil olan məlumata görə, bu barədə xidmətin rəisi Camal Quliyev bildirib.

"Zərərvericilərin sayı iqtisadi ziyanvurma həddindən (İZH) yüksək olan 7 214 hektar sahədə dövlət büdcəsi hesabına kimyəvi mübarizə tədbirləri həyata keçirilib. Siçanabənzər gəmiricilərin yayılması daha çox Ağdam, Qəbələ, Şəki, Ağcabədi, Tərtər, İsmayıllı, Qusar, Quba, Balakən, Zaqatala və Şamaxı rayonlarında qeydə alınıb və kimyəvi mübarizə tədbirləri görülüb", - deyə C.Quliyev qeyd edib.

Onun sözlərinə görə, cari ildə yem ehtiyatlarının artması və iqlim şəraitinin əlverişli olması səbəbindən siçanabənzər gəmiricilərin populyasiyasında ötən ilə nisbətən artım müşahidə olunur: "Eyni zamanda, işğal altında olan ərazilərdən həmsərhəd rayonlara gəmiricilərin miqrasiyası da müşahidə edilir".

C.Quliyev zərərvericilərə qarşı mübarizədə aqrotexniki tədbirlərin rolunun böyük olduğunu diqqətə çatdırıb: "Əkin sahələri vaxtında şumlandıqda, becərildikdə, suvarıldıqda, məhsul vaxtında və itkisiz yığıldıqda, yuvalarda olan gəmiricilər məhv olur. Dövlət fond torpaqlarında fitosanitar balansın pozulmasında siçanabənzər gəmiricilərin xüsusi rola malik olduğunu, 2015-ci ildə onların çoxalması üçün əlverişli şəraitin yarandığını nəzərə alan dövlət xidməti gəmiricilərin artım dinamikasına nəzarət edilməsi məqsədilə zəruri tədbirləri həyata keçirir və fitosanitar sabitliyi qoruyub saxlayır".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi