​Azərbaycanda "quş qripi" xəstəliyinin monitorinqi keçiriləcək

​Azərbaycanda "quş qripi" xəstəliyinin monitorinqi keçiriləcək Nəzarət köçəri quşların müvəqqəti məskunlaşdığı ərazilərdə, quşçuluq və şəxsi təsərrüfatlarda aparılacaq
ASK
29 Mart , 2015 12:31
​Azərbaycanda quş qripi xəstəliyinin monitorinqi keçiriləcək

Bakı. 29 mart. REPORT.AZ/ "Quş qripi"nin Azərbaycana köçəri quşlarla keçmə ehtimalını diqqət mərkəzində saxlayan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) ölkə miqyasında ardıcıl monitorinqləri davam etdirir. DBNX-dən "Report"a verilən məlumata görə, aprelin 6-da köçəri quşların yaz miqrasiyasını nəzərə alaraq növbəti monitorinqə start veriləcək. Monitorinq Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə aparılacaq.

Nəzarət tədbirinin köçəri quşların ehtimal olunan müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı milli qoruq və parklarda, həmçinin ölkənin dəniz sahili zonalarında və digər ərazilərdə həyata keçirilməsi nəzərdə tutulur. Bundan əlavə, monitorinq aparılan müddətdə quşçuluq və şəxsi təsərrüfatlardan da nümunələrin götürülməsi nəzərdə tutulur.

Ölkə ərazisində köçəri və ev quşlarına görə aparılacaq monitorinq zamanı götürüləcək qan və patoloji materiallar Respublika Baytarlıq Laboratoriyasında müayinə olunacaq və nəticələr aprelin 17-də ictimaiyyətə açıqlanacaq.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, hazırda "quş qripi" xəstəliyinə görə respublikamızda epizootik vəziyyət sabitdir.

Son xəbərlər

Orphus sistemi