Yuxarı
    Bağlamaq

    Azərbaycanda "quş qripi" ilə bağlı yeni monitorinq başlayıb

    Bu, köçəri quşların payız miqrasiyasına görə həyata keçirilir

    Bakı. 7 dekabr. REPORT.AZ/ "Quş qripi"nin Azərbaycana köçəri quşlarla keçmə ehtimalını diqqət mərkəzində saxlayan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) ölkə miqyasında ardıcıl monitorinqləri davam etdirir. Köçəri quşların payız miqrasiyası nəzərə alınaraq dekabrın 7-dən növbəti monitorinq başlayıb. Monitorinq DBNX-nin, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə aparılır.

    Xidmətdən "Report"a verilən məlumata görə, nəzarət tədbirinin köçəri quşların müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı milli qoruq və parklarda, həmçinin ölkənin dəniz sahili zonalarında və digər ərazilərdə həyata keçirilməsi nəzərdə tutulur. Bundan əlavə, monitorinq aparılan müddətdə quşçuluq və şəxsi təsərrüfatlardan da nümunələrin götürülməsi planlaşdırılır.

    Ölkə ərazisində köçəri və ev quşlarına görə aparılacaq monitorinq zamanı götürüləcək qan və patoloji materiallar Respublika Baytarlıq Laboratoriyasında müayinə olunacaq. Nəticələr isə dekabrın 18-də ictimaiyyət üçün açıqlanacaq.

    DBNX əhalinin və quşçuluq təsərrüfatı rəhbərlərinin nəzərinə çatdırır ki, köçəri quşların miqrasiyası ilə əlaqədar ev və sənaye quşları qapalı şəraitə keçirilməli, heyvanlarda özbaşına müalicə, peyvəndləmə və digər tədbirlər aparılmamalı, eləcə də heyvanlar baytarlıq-sanitariya tələblərinə cavab verən şəraitdə saxlanılmalıdır: "Hazırda "quş qripi" xəstəliyinə görə ölkədə epizootik vəziyyət sabitdir. Bu sabitliyi qoruyub saxlamaq üçün Dövlət Xidməti aidiyyəti qurumlarla birgə lazımi tədbirləri davam etdirir".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi