“Qida itkisi və israfının çoxölçülü və intizam arası təbiəti və dəyər zəncirinin müxtəlif mərhələləri arasında qarşılıqlı əlaqə səbəbindən dövlət, özəl və vətəndaş cəmiyyəti sektorlarının bütün iştirakçılarının əlaqələndirilmiş şəkildə əməkdaşlıq etməsi zəruridir”.
“Report” xəbər verir ki, bunu Azərbaycanda Qida İtkisi və İsrafının (Qİİ) Azaldılması üzrə Strateji Yol Xəritəsinin tərtibi Milli Maraqlı Tərəflərlə Məsləhətləşmə Seminarı çərçivəsində jurnalistlərə aqrar sənaye mütəxəssisi Robert Van Otterdijk bildirib.
O qeyd edib ki, dövlət sektoru digər maraqlı tərəflərin fəaliyyət göstərməsində əlverişli mühit yaratmaq məqsədilə institusional və hüquqi bazaları yenidən nəzərdən keçirməli və təkmilləşdirməlidir. Bu səviyyədə baş verən müdaxilələr özəl iştirakçılar tərəfindən qida itkisi və israfın azaldılmasına sərmayə qoyuluşunu asanlaşdıracaq.
“Özəl sektorun cəlb edilməsi, infrastruktur və texnologiyaların inkişafını təmin edilməsində, innovativ məhsul yığımından sonrakı təcrübələrin tətbiqində, qida istehsalı, konservasiyası və paylanması üsullarını təkmilləşdirilməsində və yeni marketinq kanallarından istifadə edilməsində əsas rol oynayır”, - deyə mütəxəssis əlavə edib.
Həmçinin Robert Van Otterdijk bildirib ki, tədqiqat institutları effektiv siyasətlər barədə məlumatlandırmaq və elmi əsaslandırılmış müzakirələri gücləndirmək məqsədilə qida itkisi və israfı haqqında məlumat və biliklər yaratmalıdırlar:
“Qida itkisi və israfının qarşısının alınması həm də ictimaiyyətdən resurs tələb edən istehlak nümunələrinin dəyişdirilməsini tələb edir. Bunun üçün həm dövlət, həm də özəl sektorlar məlumatlılığı artırmalı və istehlakçılar kimi davamlı seçim etməyə vətəndaşları həvəsləndirməlidirlər”.