Azərbaycanda mal və quş ətinin istehsalçı qiymətləri artıb

Azərbaycanda mal və quş ətinin istehsalçı qiymətləri artıb Bu ilin yanvar-aprel aylarında kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 10%-dən çox artıb
ASK
12 may 2016 08:53
Azərbaycanda mal və quş ətinin istehsalçı qiymətləri artıb

Bakı. 12 may. REPORT.AZ/ Bu ilin aprel ayında Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə sabit qalıb. Bu ilin yanvar-aprel aylarında 2015-ci ilin eyni dövrünə nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 10,3%, o cümlədən bitkiçilik məhsullarının istehsalçı qiymətləri 21,0% enib. Heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 0,8% artıb. Bu, Dövlət Statistika Komitəsindən "Report"a daxil olan məlumatda bildirilib.

Məlumata görə, bitkiçilik məhsullarının istehsalçı qiymətlərinin ucuzlaşmasına əsasən ölkədə 2015-ci ildə əvvəlki ilə nisbətən buğdanın məhsuldarlığının yüksəlməsi hesabına onun istehsalının 16,5% artması, dünya bazarında son dövrlərdə buğdanın qiymətinin aşağı düşməsi, bu ilin yanvar ayından etibarən buğdanın idxalına və satışına ƏDV-nin tətbiqinin dayandırılması təsir göstərib. Bundan əlavə, bir sıra tərəvəz məhsullarının qiymətləri də aşağı düşüb. Belə ki, apreldə mart ayına nisbətən bitkiçilik məhsullarının istehsalçı qiymətləri 0,2% azalıb, heyvandarlıq məhsulları üzrə isə 0,2% artıb.

Aprel ayında martla müqayisədə bitkiçilik məhsullarından alma və kələmin istehsalçı qiymətlərində bahalaşma, fındığın, xiyarın, pomidorun istehsalçı qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər bitkiçilik məhsullarının istehsalçı qiymətlərində ciddi dəyişiklik baş verməyib. 

Hesabat ayında heyvandarlıq məhsullarından süd və qoyun ətinin istehsalçı qiymətlərində azalma, yumurtanın, mal və quş ətinin istehsalçı qiymətlərində isə artım müşahidə olunub. Digər heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə sabit qalıb.

Son xəbərlər

Orphus sistemi